Xəbər lenti

Tehran Zəngəzur dəhlizinin açılmasına mane ola bilərmi? (ŞƏRH)
Siyasət 18:33 10.09.2024

Tehran Zəngəzur dəhlizinin açılmasına mane ola bilərmi? (ŞƏRH)

"Hazırkı şəraitdə dəhlizin gerçəkləşməsinin qarşısını almaq üçün Tehranın yetərli imkanları yoxdur”.

Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Kənan Rövşənoğlu Zəngəzur dəhlizinin açılmasını özünün "qırmızı xətti” elan edən İranın gerçəklikdə onun reallaşmasına əngəl olub-ola bilməyəcəyini şərh edərkən deyib:

"İranı bu məsələdə ən çox narahat edən və son səs-küylü etirazın əsas səbəbi Rusiyadır. Çünki indiyə qədər İran bir mənada rahat idi ki, ruslar onların sözünü deyir və Zəngəzur dəhlizinin açılması məsələsində Moskva ilə Tehranın mövqeləri üst-üstə düşür. Ancaq son günlərdə məlum olub ki, Rusiya dəhlizin açılması tərəfdarıdır. Hətta ilk yazılarda qeyd olunurdu ki, Putin dini lider Ayətullah Əli Xameneyidən dəhlizin açılmasına mane olmamağı xahiş edib. Bu isə iranlıları daha çox qəzəbləndirdi. Çünki Rusiyanın bu layihəyə qarşı olmaması, əksinə, layihədə maraqlı olması İranı narahat edir”. 
 


Həmsöhbətimiz deyir ki, İranın bu məsələdə yenidən hay-küy qaldırması Putinin açıqlamasından sonra artıq dəhlizin açılması qarşısında ciddi maneə qalmaması ilə əlaqədardır: 

"İran siyasi-diplomatik rıçaqlardan istifadə edərək Rusiya və Azərbaycana təzyiq göstərməyə çalışır. Ancaq hazırkı şəraitdə bunun qarşısını almaq üçün Tehranın yetərli imkanları yoxdur. Çünki Cənubi Qafqazın 200 illik "sahibi" Rusiya, Türkiyə, Azərbaycan bu layihə üçün çalışır. Hətta Ermənistan belə ona ciddi etiraz etmir, razılaşırsa, İranın mane olmaq imkanları yoxdur”.
 
Ekspert düşünür ki, İranın bu diplomatik həmlələrinin əsas hədəfi dəhlizlə bağlı milli maraqlarının nəzərə alınmasını təmin etməyə hesablanıb: 

"Tehran öz maraqlarının təmin olunması üçün bu addımları atır. Əgər Bakı və Moskva Tehranın müəyyən şərtlərini nəzərə alsa, Tehran layihəyə mane olmayacaq, ya da belə demək olar ki, mane ola bilməyəcək. Çünki dediyim kimi, faktiki olaraq maneə imkanları məhduddur”.

Qeyd edək ki, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan İran son zamanlar bu istiqamətdə daha da aqressivləşib. Belə ki, Rusiya Prezidentinin Bakı səfəri çərçivəsində Zəngəzur dəhlizinin açılmasına müsbət reaksiya verməsi Tehranı daha kəskin şəkildə qəzəbləndirib. İran bütün vasitələrlə hay-küy qaldırır ki, dəhlizin açılmasına imkan verməyəcək. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->