Xəbər lenti

Təhsil şöbəsinin sabiq müdiri:
Ölkə 13:32 20.05.2022

Təhsil şöbəsinin sabiq müdiri: "Vilyam Hacıyev 30 min manat istədi, mübahisəmiz düşdü"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, cinayət işi üzrə bir neçə şahid məhkəməyə gəlməyib.

Daha sonra həmin şəxslərin istintaq ifadələri elan olunub.

Şahid Nizami Əliyev dindirilən zaman bildirib ki, fermer təsərrüfatı ilə məşğul olub: "Həmin dövrdə iribuynuzlu heyvanların saxlanılması üçün fermer təsərrüfatı ilə məşğul olmaq istəyirdik. Bu barədə icra hakimiyyətinin işçisi Rahim Zairova müraciət etdik. O da bizi Cəmil Musayevə yönləndirdi. İşimizin həll olunması üçün 20 min manat, ümumilikdə isə 40 min manat pulu Cəmil Musayevə verdik ki, Vilyam Hacıyevə çatdırsın".

Digər şahid Bayram Cavadovun sözlərinə görə, "Bərəkət" MMC-nin rəhbəri vəzifəsində işləyib: "İcra hakimiyyətinin nümayəndəsi Rəhim Rəhimov mənə zəng edib dedi ki, hesabıma 45 min pul köçürüləcək. Həmin pul da Vilyam Hacıyevə çatacaq. Daha sonra 45 min manat pulu hesabdan çıxardılar vənə isə 1 manat da verilmədilər".

Şahid Ramin Əmirov isə istintaqa verdiyi ifadəsində deyib ki, 2006-ci ildən 2018-ci ilə kimi İmişi Rayon Təhsil Şöbəsinin müdiri işləyib: "Pensiya yaşım tamam olması səbəbindən Vilyam Hacıyevə vəzifədə qalmağım üçün köməklik göstərməsini xahiş etdim. O da mənə söylədi ki, 30 min manat verməlisən. Mən də həmin pulu verdim. Daha sonra Vilyam müəllim Təhsil Nazirliyinə zəng vuraraq vəzifədə qalmağımı xahiş etdi. Lakin ordan mənfi cavab gəldi. Sonra mən icra hakimiyyətinə gəlib Vilyam Hacıyevdən pulumu tələb etdim. O isə üstümə qışqırdı, mübahisəmiz düşdü. Sonra məni maliyyə şöbəsinə göndərdi. Orada sadəcə 20 min manatımı verdilər, 10 min manatımı isə qaytarmadılar".

Şahid Kəmaləddin Quliyev ifadəsində bildirib ki, şəkərli diabet xəstəsi olduğu üçün İmişli RİH-nə maddi yardım göstərilməsi üçün müraciət edib: "Orada dedilər ki, mənə köçürüləcək puldan cəmi 200 manat çatacaq. Banka gedib 6 min manat pulu çıxardıb, 5 min 800 manatı isə icra hakimiyyəti binasında olan bir nəfərə verdim. 2017-ci ildə də müraciət etdim. Bu dəfə isə 7 min manat pul köçürüldü, 300 manat mənə çatdı, qalanını isə icra hakimiyyətində qapıda dayanan şəxsə verdim".

Təqsirləndirilən şəxsin vəkili isə vəsatət qaldırıb. O, ifadəsi elan olunmuş şahidlərin məhkəməyə gətirilməsini istəyib.

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->