Xəbər lenti

Tələb olunan əlavə dərsliklər, haqlı narazılıqlar, susan nazirlik - İşin pərdəarxasında kimlər dayanır?
Ölkə 16:20 20.09.2024

Tələb olunan əlavə dərsliklər, haqlı narazılıqlar, susan nazirlik - İşin pərdəarxasında kimlər dayanır?

Yeni dərs ilinin başlanması özü ilə bərabər valideynlər üçün də əlavə problemlər gətirib. Yenicə məktəbli geyimləri, çanta, məktəb ləvazimatları üçün xərcə düşən valideynlərdən müəllimlər əlavə dərs vəsaitləri, qayda kitabları, testlər toplusu, iş dəftərləri almağı tələb edirlər. Bu da haqlı olaraq valideynlərin narazılığına səbəb olur. 

Valideynlərlə söhbət zamanı bildirirlər ki, elə birinci sinifdən başlayaraq müəllimlər onlardan əsas fənlərdən ən azı bir test, iş dəftərləri, qayda kitabı tələb edir. Narazılıq edəndə isə bildirirlər ki, bunlar sizin uşaqlarınız üçündür, dərs vəsaitləri proqramı tam əhatə etmir. Bu isə valideynlər üçün kifayət qədər əlavə maddi yükdür. Axı elə ailə var ki, iki-üç uşaq məktəbə göndərir...

Digər tərəfdən bu kitablar və sayı, adları bitib-tükənməyən əlavə vəsaitlər təkcə maddi yük deyil, həm də sözün əsl mənasında YÜKdür. Uşaqların daşımağa çətinlik çəkdiyi, əməlli fiziki ağırlıq yaradan YÜK. Bu onların sağlığına da ziyandır. Valideynlərlə söhbət zamanı bildirdilər ki, bu kitabaların içində Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənən kitablar olsa da, müəllimlərin çoxu hazırda reklam olunan müxtəlif kursların kitablarını almağı tələb edir. 

Hər müəllim hansı kursla işləyirsə, onların da kitabını tələb edir. Onların sırasında "Hədəf" Kurslarının, "Çinar" Yayımlarının, "İzə" nəşriyyatının, "Güvən" kurslarının, "Dahi" kurslarının, "EduGrata" kurslarının, Namazovun kitabları üstünlük təşkil edir. Bu kitabların çoxu satışda olsa da bəzilərini elə kursların özündən almağa məcbur olurlar. 

Kurslar isə qeyd edirlər ki, kitablar nazirliyin təsdiqlədiyi proqrama uyğun çap edilib. Hər kitabın qiyməti isə minimum 5-6 manatdan başlayaraq 15-20 manata qədər artır. 

Nəzərə alsaq ki, son dövrlər övladlarını daha "yaxşı məktəbdə" oxutmaq dəb halını alıb, ibtidai sinifdən bu uşaqlar elə həmin kitabların ağırlığı ilə həm zehni, həm də fiziki yüklənir. 

Valideynlər deyir ki, özünüz kitab mağazalarına baş çəksəniz, deyilənlərin həqiqət olduğunu müşahidə edərsiniz. 

Bu məqsədlə paytaxtın bir çox kitab mağazasında olduq. Satıcılarla söhbət zaman bildirdilər ki, son bir neçə ildir əlavə dərs vəsaitlərinə tələb çox artıb. Bunların arasında elələri var ki, bir-birinin oxşarıdır, amma yenə də müəllimlər tələb edir. 

Elə kitab mağazasında övladı bu il 6-cı sinifə gedən valideynlə söhbətimiz zamanı bildirdi ki, artıq onlardan dərsin ilk günlərindən müxtəlif iş dəftəri, kursların qayda kitabı tələb olunub. Bu zaman isə müəllimlər tələb edir ki, həmin vəsaitlər ötən illərin yox, elə bu ilin nəşri olmalıdır. 

Burda isə valideyinlərin haqlı sualı yaranır. Əgər dərs vəsaiti müəllimləri qane etmirsə, onun proqrama uyğun olmadığını əsaslandırırlarsa, bir müəllim kimi bu problemi niyə Elm və Təhsil Nazirliyinin qarşısında qaldırmırlar? Nazirlik dərs proqramlarını əhatə edən kitablar nəşr etdirmirsə, bu fərdi kurslar, müxtəlif şəxslər təhsil proqramını tam əhatə etdiklərini deyən kitabları necə çap etdirirlər? Kimdir bu işdə maraqlı tərəf?  

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan təhsil eksperti Günay Qurbanova bildirdi ki, məsələ təhsilimizin ən acınacaqlı problemlərindən biridir:

"Lakin görünür, bu, həm Elm və Təhsil Nazirliyinə, həm də müəllimlərə sərf edir. Görünür, burada gizli bir əlin himayəçiliyi var. Satılan bu əlavələr "dərslik mafiyası"nın maraqlarına xidmət edir.  

Sizə bir fakt deyim, əvvəllər şagirdlər xarici dillərdə olan lüğətlərini öz əlləri ilə hazırlayırdılarsa, indi müəllimlər bu lüğətlərin də hazır alınmasını tələb edir. Sanki hamı birləşib bir və ya bir neçə nəfərin cibinə işləyir". 

G.Qurbanova son olaraq vurğuladı ki, artıq Elm və Təhsil Nazirliyi onların sifarişi ilə və dövlət vəsaiti hesabına dərc edilən dərsliklərin niyə proqramı tam əhatə etmədiyinə bütün şəffaflığı ilə aydınlıq gətirməlidir.

Qaynarinfo olaraq qeyd edək ki, biz də öz növbəmizdə mövzunu təhsil ekspertləri və  ictimaiyyət nüməyəndələri ilə davamlı müzakirə edərək, diqqətdə saxlayacağıq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->