Xəbər lenti

Tramp administrasiyası nüvə silahına nəzarət edən yüzlərlə əməkdaşı işdən çıxardı – CNN
Dünya 10:48 15.02.2025

Tramp administrasiyası nüvə silahına nəzarət edən yüzlərlə əməkdaşı işdən çıxardı – CNN

Donald Trampın administrasiyası Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) 300-dən çox əməkdaşını işdən çıxarıb. Qərarı verən rəsmilərin bu qurumun ABŞ-ın nüvə arsenalına nəzarətdəki rolunu tam anlamadığı ehtimal edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN vəziyyətlə tanış olan dörd mənbəyə istinadən yazır.

CNN-in mənbələrinin məlumatına görə, işdən çıxarılanlar arasında nüvə silahlarının istehsalı obyektlərində çalışan, podratçılara nəzarət edən və nüvə başlıqlarını yoxlayan mütəxəssislər olub. Bundan başqa, NNSA-nın qərargahında texniki tələblər və nüvə silahlarının istehsalına dair təlimatlar hazırlayan əməkdaşlar da ixtisara düşüb.

CNN-in mənbələrindən biri bildirib ki, işdən çıxarmalara səbəb ABŞ Energetika Nazirliyi rəsmilərinin bu mütəxəssislərin fəaliyyətinin əhəmiyyətini anlamaması olub.

"Heç kim bizim nə işlə məşğul olduğumuzu və fəaliyyətimizin milli təhlükəsizlik üçün nə qədər vacib olduğunu anlamağa vaxt ayırmadı", – deyə mənbə bildirib.

Lakin Energetika Nazirliyinin nümayəndəsi kütləvi ixtisarlar barədə məlumatı təkzib edib. Nazirlikdən bildirilib ki, NNSA-dan "50-dən az" əməkdaş işdən çıxarılıb və onların əsasən inzibati və katiblik vəzifələrində çalışdıqları qeyd edilib.

Buna baxmayaraq, NNSA artıq bəzi ixtisar qərarlarını yenidən nəzərdən keçirməyə və bəzi işçiləri geri qaytarmağa başlayıb.
Konqres üzvləri bu ixtisarlardan narahatdır. CNN-ə danışan Konqres aparatının əməkdaşlarından biri bildirib ki, qanunvericilər Energetika Nazirliyinə bu məsələ ilə bağlı narahatlıqlarını çatdırıblar.

"Konqres dəli olur, çünki görünür, Energetika Nazirliyi NNSA-nın nüvə ehtiyatlarına nəzarət etdiyini anlamayıb. Nüvə çəkindirmə siyasəti ABŞ-ın təhlükəsizliyinin və sabitliyinin əsas sütunudur. Bu sahədəki ən kiçik zəifləmə belə insanları ciddi şəkildə narahat etməlidir", – deyə CNN-in mənbəsi vurğulayıb.

CNN-in məlumatına görə, Energetika Nazirliyinin rəsmiləri kadr bölməsinə təzyiq göstərərək işdən çıxarılmaları zəif iş göstəriciləri ilə əsaslandırmağı tələb ediblər. Bu təzyiqlər səbəbindən iki kadr işçisi istefa verib.

Qeyd edək ki, NNSA yalnız ABŞ-ın nüvə arsenalına nəzarət etmir, həm də ölkə daxilində nüvə materiallarının təhlükəsizliyinə cavabdehdir. CNN-in mənbələri bildiriblər ki, bu missiya son illərdə daha da vacibləşib, xüsusilə də Rusiya dronlarının Ukraynadakı Çernobıl AES-ə hücumu kimi hadisələr fonunda.
"NNSA Ukraynada nüvə risklərini – həm qəsdən, həm də təsadüfi baş verə biləcək hadisələri izləməyə kömək edən sensorlara malikdir", – deyə mənbə bildirib.

Bundan əvvəl, Donald Tramp bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Szinpinlə nüvə silahlarının məhdudlaşdırılması üzrə danışıqlar aparmaq istəyir. O, denuklearizasiyanı (nüvəsizləşdirmə) ikinci prezidentlik müddətinin əsas vəzifələrindən biri adlandırıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->