"Trampın Ağ Evə mümkün qayıdışı fonunda Ukrayna və Yaxın Şərq müharibələrində fərqli dəst-xəttin şahidi olacağıq. Rusiya ilə uzunmüddətli atəşkəs elan olunacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyətə mümkün qayıdışının dünya siyasətinə hansı təsirlərinin olacağı barədə suala cavabında deyib.
Politoloq hesab edir ki, Trampın qayıdışı ilə Ukrayna müharibəsinin aktiv fazasında pauza yarana, İrana qarşı daha sərt siyasət yürüdülə bilər:
"Trampın yenidən Ağ Evə qayıdışı şübhəsiz ki, dünya siyasətində kifayət qədər dəyişikliklərlə nəticələnəcək. Tramp birinci prezidentlik dövründəki siyasi kursa doğru dönüş edəcək. O, diqqəti daha çox ölkənin daxili məsələlərinə fokuslaşdıracaq. İrana qarşı isə daha sərt siyasət yürüdüləcək. Bu da Rusiya-Ukrayna, həm də İsrail-Fəsəltin müharibəsinə təsirsiz ötüşməyəcək. Tramp tərəfindən bu münaqişə ocaqları ilə bağlı fərqli siyasətin şahidi olacağıq. Amma bu o anlama gəlmir ki, Trampım gəlişi ilə Ukrayna cəbhəsində Rusiyanın qələbəsi baş verəcək, İsrail-Fələstin münaqişəsi qısa zamanda öz həllini tapacaq. Lakin bu müharibələrin gedişində fərqli dəst-xəttin şahidi olacağıq. Onun gəlişilə Ukrayna müharibəsinin aktiv fazasında pauza yarana bilər".
Ekspert qeyd edib ki, bütün hallarda məsələ NATO ilə bağlı olduğundan, Trampın qayıdışı Rusiyanın müharibədə qələbəsinə gətirib çıxarmayacaq:
"Sadəcə, Trampın hakimiyyəti dönəmində Ukrayna ilə Rusiya arasında uzunmüddətli atəşkəs elan oluna bilər. Yaxın Şərqdə isə HƏMAS-ın tamamilə sıradan çıxarılması sürətlənəcək. İranla toqquşma riski arta bilər. Hər halda, mövcud vəziyyətdə ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Yaxın Şərqdə müharibənin genişlənməsi ehtimalı günü-gündən artır”.
Qeyd edək ki, ABŞ növbəti prezident seçkilərinə hazırlaşır. Prosesə keçmiş prezident Donald Tramp da qatılıb. Hansı ki, Tramp respublikaçılar arasında bir sıra ştatlarda keçirilən ilkin seçkilərin favoritidir. O, digər namizədləri böyük səs çoxluğu ilə arxada qoyur. Bu əsasda Trampın yenidən Ağ Evə sahib olacağı barədə fikirlər geniş vüsət almağa başlayıb.
Rüfət Sultan
Şərhlər