"İsrail baş nazirinin Türkiyəyə gözlənilən səfəri iki ölkə arasında münasibətlərdə buzların tamamilə əriməsinə imkan yaratmır. İki ölkənin təsiri olan bölgədə, əsasən də Yaxın Şərqdə geniş imkanlar, davamlı, uzun müddətli əməkdaşlıq üçün də böyük perspektivlər də açmış olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu İsrail baş naziri Benyamin Netanyahunun oktyabr-noyabr aylarında Türkiyəyə gözlənilən səfərini şərh edərkən deyib.
Onun fikrincə, iki ölkənin yaxınlaşması Bakının da marağındadır:
"İlk növbədə onu vurğulayaq ki, son iki ildə Türkiyə ilə İsrail arasında münasibətlərin kifayət qədər yumşalması prosesinin şahidi oluruq. Bu prosesdə Azərbaycan da əhəmiyyətli rol oynayıb. Türkiyə qardaş ölkədir, İsrail isə strateji müttəfiqimizdir. Bu mənada, Azərbaycana yaxın olan bu iki ölkənin bir-birinə yaxınlaşması sözsüz ki, Bakının da marağındadır. Bu yaxınlaşma isə bütövlükdə yalnız Cənubi Qafqazın deyil, Yaxın Şərqin də marağına xidmət edir. Türkiyə və İsrail Yaxın Şərq ölkəsidir. Bu bölgə maraqların toqquşduğu bir məkandır. Bu mənada Təl-Əviv və Ankara yaxınlaşması Yaxın Şərq bölgəsi üçün də yeni imkan, perspektiv və səhifələr aça bilər”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin oktyabr-noyabr aylarında İsrailin baş naziri Benyamin Netanyahunun Türkiyəyə səfərinin gözlənildiyini bildirib. O, deyib ki, iki ölkənin Xarici İşlər Nazirlikləri səfərin dəqiq tarixi ilə bağlı danışıqlar aparır.
Rüfət Sultan
Şərhlər