Dünya 13:10 31.07.2022

Türkiyə Rusiya bazarını fəth etməyə başlayıb

İyun ayında Türkiyə mallarının Rusiya bazarına tədarükləri may ayı ilə müqayisədə 52% artaraq 791,4 milyon dollar olub. 

Qaynarinfo-nun məlumatına görə, RBC BMT-nin ticarət bazası və Türkiyə Statistika İnstitutunun məlumatlarına istinadən yazır ki, iyun ayı həcmləri son 12 ilin rekordunu qırıb

Türkiyə yayın əvvəlində Rusiya Federasiyası ilə ticarətdə müsbət dinamika göstərən yeganə ölkə olub: 2021-ci ilin iyun ayı ilə müqayisədə onun göstəriciləri 46% artıb. Xarici ticarət statistikasını dərc edən digər dövlətlər ötən illə müqayisədə Rusiyaya ixracın əhəmiyyətli dərəcədə azaldığını bildiriblər. Onların arasında Çin, Tayvan, Vyetnam, Cənubi Koreya, Yaponiya, Tailand, Malayziya var.

Ötən il Türkiyə Rusiya Federasiyasına ən böyük ixracatçılar siyahısında onuncu yerdə idisə, indi ABŞ, Fransa, İtaliya, Polşa, Yaponiya və Hollandiyanı keçərək dördüncü və ya beşinci yerdədir. Ankara Çin, Belarus, Almaniya və ola bilsin ki, Qazaxıstandan geri qalır.

Son bir ayda Rusiyaya türk meyvə və qoz-fındıq, ilk növbədə şaftalı, ərik və albalı tədarükləri iki dəfə artıb. Türkiyənin avadanlıq və mexaniki qurğuların ixracı 40%, elektrik maşın və avadanlıqları 15%, yerüstü nəqliyyatı və onun komponentləri 35%, plastik və plastik məmulatların ixracı 4% artıb.

Paralel olaraq, Moskva 2022-ci ilin birinci yarısında hətta Çini də qabaqlayaraq Ankaranın ən böyük idxal edən ölkəsi olub. Yanvar-iyun aylarında Türkiyəyə idxal olunan bütün xarici malların 16%-i Rusiyanın payına düşdüyü halda, Rusiyadan ölkəyə tədarük edilənlərin 60%-dən çoxu neft və qaz olub.

Rusiyaya tədarüklərin həcmi də Belarusa (mayda +29%) və İsveçrəyə (iyun ayında +80%) artıb. Sonuncu, Avropa sanksiyalarının təsirinə məruz qalmayan tibbi məhsulların satışı ilə bağlıdır.

Makroiqtisadi təhlil və qısamüddətli proqnozlaşdırma mərkəzinin sahələrindən birinin rəhbəri Dmitri Belousovun sözlərinə görə, Türkiyə hazırda sənayeləşmə dövrünü yaşayır və Rusiya Federasiyasında tələbat olan texnoloji mallar, ilk növbədə avtomobil hissələri və maşıqayırma məhsullarını istehsal edir. 

Bir müddət əvvəl "Meat & Fish” restoranlarının təsisçisi, "Delovaya Rossiya”nın Moskva filialının üzvü Sergey Mironov öz bloqunda yazıb ki, guya türk sahibkarları rusları Qərb ölkələrindən mallarla təmin etməyə hazırdırlar.

"Türklər ehtiyat hissələri və Avropa avadanlıqlarını tədarük etməyə hazırdırlar, lakin bunun üçün öz alternativləri var", - rusiyalı iş adamı bildirib.

Eyni zamanda, iyulun ortalarında iki rus idxalçısının əməkdaşları "The Moscow Times” bildirmişlər ki, türk şirkətləri yarımkeçiricilər, tranzistorlar və təyyarə hissələri kimi sanksiyaya alyında olan yüksək texnologiyalı məhsulları Rusiyaya idxal etməkdən imtina edirlər.

Nizami Bağırov