Dünya 17:23 02.05.2022

Üç səbəb: Niyə Kreml qazın pulunu rublla tələb etməkdə davam edir? - Timoti Eş

Timoti Eş
Britaniyalı iqtisadçı, Ukrayna məsələləri üzrə ekspert

Avropa Komissiyası rublla ödənişin sanksiyaları pozduğunu açıqlayıb. Amma bir neçə gün ərzində qeyri-müəyyənlik hökm sürürdü. Bolqarıstan və Polşan bütün qaz ödənişlərinin rublla aparılması tələbi ilə razılaşmadıqları üçün Rusiya bu ölkələrə qaz tədarükünü dayandırıb.

Bu həftənin əvvəlində (yazı 30 apreldə hazırlanıb. - red.) FT-də bir çox Avropa qurumlarının və ölkələrinin qaza görə rublla ödəməli olacağına dair məqalə çıxıb. Belə bir hiss var idi ki, Moskva onları əzə bilib.

Lakin buna cavab olaraq Avropa Komissiyası rublla ifadə olunan qaz sövdələşmələri ilkin müqavilələrə uyğun gəlmədiyi üçün sanksiyaları pozduğuna və Aİ-nin mövcud strukturlarını sanksiyalar altında olan Rusiya Mərkəzi Bankı ilə iş birliyinə məcbur etdiyi barədə bəyanat verdi. 

Slovakiya bəyanat yayaraq bildirdi ki, "Qazprombank” Moskvanın yeni şərtləri ilə qazın ödənişi üçün rubl və avro ilə hesablar açıb, lakin bu hesablar hələ də aktivləşdirilməyib, bu da, ehtimal ki, sanksiyaların pozulmaması deməkdir. Slovakiya Avropa Komissiyasından əlavə dəqiqləşdirmələr istəyib. Lakin Slovakiya Ukraynaya silah tədarükü ilə bağlı yardım edir, ona görə də gələcək qaz tədarükünü rublla ödəməsə, onun Bolqarıstan və Polşa ilə eyni mövqedə ola biləcəyini ehtimal etmək olar.

Maraqlıdır ki, Kreml bu rubl ödəniş təşəbbüsü ilə niyə çıxış edib? Axı istənilən halda qaza görə ödənişlər avro ilə aparılır. 

Məncə, bunun üç səbəbi var:

Birincisi, bütün bunun məqsədi Aİ ölkələri arasında nifaq salmaqdır. Moskva Rusiya enerjisinə daha tez embarqo tətbiq etməyə çalışan Polşa kimi ölkələrlə hələ də Rusiya qazını almaq istəyən Almaniya və Macarıstan kimi ölkələr arasındakı fikir ayrılıqlarından istifadə edir. Putin və Orban arasındakı "dostluğu” nəzərə alsaq, Macarıstanın uzunmüddətli perspektivdə Rusiya qazının idxalında heç bir problemi görünmür. Halbuki Almaniya öz ölkəsində iqtisadiyyatına dəyən zərəri minimuma endirmək üçün Rusiya qazının mərhələli şəkildə dayandırılması üçün daha uzun müddətə ehtiyacı var.
 


Əslində, Rusiya hər il 110 milyard avro itirdiyi üçün Avropaya enerji tədarükünü azaltmaq istəmir. Qaza gəlincə, Şərqə alternativ qaz kəmərlərinin olmaması o deməkdir ki, bu qaz Avropaya satılmasa, deməli, Rusiya gəlirlərdən olacaq. Alternativ qaz kəmərlərinin çəkilməsi üçün illər lazım olacaq.

Lakin Rusiya gələcək enerji təchizatını şübhə altına alaraq, Macarıstan və Almaniya kimi ölkələri tədarükləri davam etdirmək üçün onun adından lobbiçilik etməyə məcbur edir. Beləliklə, enerji embarqosu tətbiq etməyə çalışanlar üçün çaşqınlıq yaradır.

İkincisi, hər şey Moskvanın istədiyini əldə etmək üçün rıçaq və təhdidlərdən istifadə etməsi ilə bağlıdır. O, Qərbin Ukraynaya silah tədarükünü dayandırmasını istəyir. O hesab edir ki, Avropanın enerji təchizatını kəsməsi ilə hədələməsi bəzi Avropa ölkələrinin Ukraynaya silah göndərməsinin qarşısını ala biləcək.

Üçüncüsü, söhbət sanksiyaların daha geniş şəkildə pozulmasından gedir. Avropa təşkilatlarını rublla əməliyyatlar aparmağa məcbur etməklə, faktiki olaraq Rusiya Federasiyası Mərkəzi Bankı və ümumilikdə rublla əməliyyatlardan sanksiyaların götürülməsinə çalışır. Qeyd edək ki, 24 fevraldan sonrakı sanksiyaların bir özünəməxsusluğu var: Qərb şirkətləri təşəbbüs göstərərək Rusiya ilə sövdələşmələrin reputasiya baxımından çox stresli və ya çox riskli olduğuna qərar veriblər.

Beynəlxalq biznes, bizneslərinin sanksiyalar altında olub-olmamasından asılı olmayaraq, Rusiyanı kütləvi şəkildə tərk edir. Kreml bunu dayandırmaq istəyir və Avropa ölkələrini və böyük Qərb enerji şirkətlərini yenidən rublla və Rusiya Federasiyası Mərkəzi Bankı ilə əməliyyatlar aparmağa məcbur etməkdən yaxşı heç nə tapmayıb. Bu, qlobal biznesə Rusiyanın hələ də biznes üçün açıq olduğuna dair aydın siqnal verəcəkdir. 

Mənbə: Nv.ua

Tərcümə: Nizami Bağırov
Qaynarinfo