Dünya 16:10 24.11.2023

Üç yunan şirkəti sanksiyalar qorxusundan Rusiya neftinin nəqlini dayandırdı

Yunanıstanın üç böyük gəmi şirkəti ABŞ-ın Rusiya neftini daşıyan bəzi gəmiçilik şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün son həftələrdə Rusiya neftinin nəqlini dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi dörd treyderə istinadən məlumat yayıb
 
Yunanıstanın "Minerva Marine”, "Thenamaris” və "TMS Tankers” yükdaşıyan şirkətləri son həftələrdə Rusiya neftinin nəqlini dayandırıb. "Tenamaris” kommersiya mövzularını şərh etmədiyini söyləyib. "Minerva Marine” və "TMS Tankers” media sorğusuna cavab verməyib. 

Treyderlərin və daşıma agentlərinin məlumatlarına görə, hər üç şirkət sentyabr və oktyabr aylarına qədər Rusiya nefti və yanacağının fəal daşıyıcıları olub. Əvvəllər üç şirkətlə iş birliyi olan treyderlərin dediyinə görə, hər üç şirkət noyabr ayından Rusiya xam neftini yükləmə sifarişlərindən imtina ediblər. 

Yunan yükdaşıyıcıların imtinası ABŞ-ın Rusiya neft tədarüklərinə tətbiq etdiyi sanksiyaları sərtləşdirməsindən sonra baş verib.

Xatırladaq ki, oktyabr ayında Vaşinqton G7-nin müəyyən etdiyi qiymət tavanından artıq qiymətə satılan Rusiya neftini daşıyan Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan tanker sahiblərinə qarşı ilk sanksiyalar tətbiq edib. Keçən həftə daha üç gəmiyə sanksiya tətbiq edilib. 

Nizami Bağırov