Ölkə 13:25 25.01.2023

Usta avtoservisdən “BMW X5”in farasını oğurladı, həbs olundu

Bakıda məşhur "Arabaçı" avtoservisdən oğurluq edən şəxs məhkəmə qarşına çıxarılıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən Arif ifadəsində bildirib ki, uzun müddət Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə 39/31 ünvanında yerləşən "Arabaçı” adlı avtoservisdə dəmirçi kimi işləyib. Hadisədən 3 ay əvvəl şəxsi işləri ilə əlaqədar işdən ayrılıb. İşsiz olduğundan narkotik və digər ehtiyaclarını ödəmək üçün keçmiş iş yerindən oğurluq etmək fikrinə düşüb. 
 


9 avqust 2022-ci il tarixdə gecə saatlarında yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yerləşən evdən çıxaraq piyada avtoservisin yaxınlığına gəlib, saat 02.00 radələrində pəncərənin barmaqlıqlarının arasından keçərək ora daxil olub. O, sexdə sökülərək yerə qoyulmuş Taleh Nəzərliyə məxsus 2020-ci il istehsalı olan "BMW X5” markalı avtomobilə aid bir ədəd 2500 manat dəyərində olan sağ ön faranı oğurlayıb. Arif həmin detalı Nizami rayonunda yerləşən "Maşın bazarı” adlanan yerdə 300 manata satıb.

Məhkəmənin qərarı ilə Arifin 26 avqust 2022-ci il tarixdən 24 yanvar 2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 4 ay 28 gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 1 il 2 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Əhməd