Siyasət 12:07 07.02.2023

Vaşinqton Bakını nəyə təhrik edir: Azərbaycan İrana qarşı sanksiyalara qoşula bilərmi?

Amerikalı siyasi analitik İrina Tsukerman Azərbaycanı İrana qarşı sanksiyalara qoşulmağa çağırıb. Ekspert hesab edir ki, artıq Azərbaycan  İranla bağlı konkret addımlar atmalıdır və ona qarşı sanksiyalarda iştirak etməlidir:
 
"İran Azərbaycana qarşı təcavüz aktı törədib. Diplomatik mərkəzə hücum müharibə aktıdır. Bir çox ölkələr bu cür hərəkətlərdən sonra diplomatik münasibətləri dayandırır. İranın Azərbaycana qarşı təcavüzü son bir neçə ildə artmaqdadır. İran İkinci Qarabağ Müharibəsi zamanı ermənilərə dəstək verib, silah daşıyıb, ölkənin milli suverenliyini pozaraq, Azərbaycana casus və terrorçular göndərib. Azərbaycanın Londondakı səfirliyinə əvvəlki hücumla bağlı da İrandan şübhələnmək lazımdır. Daha bir casus və terror təşkilatının 39 üzvünün son həbsləri göstərir ki, İran bu cür fəaliyyətdən əl çəkmək bir yana, mənfi addımlarını daha da artırıb. Qonşuluq münasibətlərinə və beynəlxalq hüquq normalarına məhəl qoymadan, Azərbaycan üçün qarışıqlıq və problemlər yaratmağa çalışır və düşmənçilik modeli getdikcə daha da artmaqdadır. Azərbaycan səfirliyini evakuasiya etməklə, sərhədlərinə göndərilən casusları həbs etməklə düzgün addım atdı”.

Bu əsasda da Tsukerman hesab edir ki, artıq Azərbaycan İranla bağlı konkret addımlar atmalıdır və ona qarşı sanksiyalarda iştirak etməlidir:
 
"İrana qarşı beynəlxalq sanksiyalara qoşulmaq Azərbaycanın milli maraqları ilə bağlı Tehrana güclü mesaj verəcək və digər ölkələri də İranın işğalçılıq və beynəlxalq təhlükəsizliyə və sabitliyə təhlükə törətmək aktlarına daha ciddi yanaşmağa sövq edəcək”. 

Qaynarinfo-ya açıqlama verən politoloq Elşən Mirzəoğlu bildirib ki, Tsukermanın həmin fikirləri ABŞ-ın bölgə ilə bağlı geosiyasi maraqlarına ünvanlanmış və hesablanmış açıqlamadır:
 
"Vaşinqtonda gözəl anlayırlar ki, Tehran ABŞ-ın yeni dünya nizamı ilə bağlı konsepsiyasına qarşı çıxır. ABŞ İrandakı rejimi yıxmaq üçün dəfələrlə cəhd edib. Ancaq İrana qarşı tətbiq olunan sanksiyalar hələ ki, Vaşinqtonun gözlədiyi proqnozları doğrultmayıb. Düzdür, İranda sosisl iqtisadi durum ağırlaşıb. Amma İran öz neft və qazını qeyri-leqal yollarla Avropaya satır ki, ABŞ bunu da gözəl bilir. ABŞ-ın müttəfiqi olan Yaponiya belə İrandan neft alır”. 
 
Ekspert deyir ki, Bakı İrana qarşı sanksiyalara qoşulmayacaq:

"Azərbaycanın həmin sanksiyalara qoşulmasına gəlincə, Bakı təkcə İranla münasibətlərin bu günü və perspektivi baxımından deyil, özünün milli təhlükəsizliyi, bölgədəki geosiyasi reallıqlar, Qarabağ probleminin hələ tam mənada öz həllini tapmaması səbəbindən çıxış edərək, Tehrana qarşı sanksiyalara qoşulmayacaq. Çünki bunun ölkəmizə ziyanı olacaq. 

Bakı ilə Tehran arasında iqtisadi-ticarət münasibətlərinin dövriyyəsi durmadan yüksəlir. İranla münasibətlərdə məlum səbəblərə görə ilk baxışdan yaşanan gərginliyə baxmayaraq, onun səngiyəcəyinə əmin deyiləm. Çünki Azərbaycan-İran münasibətləri tarixin süzgəcindən keçib. Hər iki tərəfin bu münasibətlərə ehtiyacı var. Azərbaycanın İrana qarşı sanksiyalara qoşulması dolayısı ilə orada yaşayan azərbaycanlı soydaşarımızın da həmin sanksiyalardan əziyyət çəkməsi anlamında qəbul olunmalıdır. Azərbaycan heç bir halda həmin sanksiyaya qoşulmayacaq”. 

Rüfət Sultan