"Çətin və mürəkkəb məsələlər hələ irəlidədir” – ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə belə yekun vurdu. Tərəflərin XİN təmsilçilərinin isə əlavəsi bu oldu ki, gələcək sazişin əlavə bəndləri üzrə razılıq əldə olunub. Bundan artıq detallar açıqlanmadı və yalnız o deyildi ki, növbəti görüş Avropada olacaq.
Elə bu səbəbdən də birmənalı şəkildə demək olar ki, daha bir Vaşinqton görüşü nəticəsiz bitdi.
Amma amerikalılar deyirdilər ki, onlar təkcə danışqlar üçün atmosfer yaratmırlar, onların nəticəli olmasına da ,alışırlar. Fəqət biz hələ ki bunu görmürük.
O ki qaldı Avropada baş tutacaq görüşə, bu, Brüsseldə olacaq və onun anonsu hələ ötən görüş zamanı verilmişdi. Əksər təhlilçilərin rəyi belədir ki, növbəti Brüssel görüşü ilə bağlı da böyük ümidlərə qapılmaq lazım deyil və yaxın dövrdə çətin ki, sülh sazişini imzalamaq mümkün olun. Burada başqa bir məqam da var. Brüssel görüşündə Fransa prezidenti də iştirak edəcəkmi? Bu günlərdə Marseldə erməni diasporu qarşısındakı çıxışından sonra Makronun yalnız təxribatlarla məşğul olması bir daha təsdiqləndi və elə bu səbəbdən onun növbəti Brüssel görüşünə nə töhvə verəcəyi qəti məlum deyil.
Maraqlıdır ki, Marseldə yaşayan ermənilərin sayı Dağlıq Qarabağdakından qat-qat çoxdur. Bəs niyə Paris onlara muxtariyyət vermir? Biz daim deyirik, ABŞ və Fransa bizdən soruşanda ki, ermənilərə hansı hüquqları verə bilərsiniz, deməliyik ki, Dağlıq Qarabağ erməniləri onların həmvətənlilərinin ABŞ-da və Fransada malik olduqları hüquqlara sahib olacaqlar! Bəli, ABŞ və Fransa diplomatları deyə bilərlər ki, ermənilər bu ölkələrdə yerli əhali deyillər. Bəs onda bu ölkələrdə yerli əhali kimdir? ABŞ-da hindular yerli əhali deyilmi? Nəyə görə onlara hansısa muxtariyyət verilmir? Və yaxud da Fransada korsikalılar yerli əhali deyilmi? Niyə görə onlara muxtariyyət və yaxud da müstəqillik verilmir?
Qərəz, suallar çoxdur. Onların hamısının olmasa da, bir çoxunun cavabları var. Fəqət, ən böyük sual budur ki, bəs İrəvanla sülh sazişi nə vaxt imzalanacaq? Doğrusu, biz əvvəllər Paşinyanın bir çox çıxışlarını ciddi qəbul edirdik. Amma indi hiss olunur ki, erməni baş naziri oyun oynayır və Qərblə Rusiya arasında manevr edir. Paşinyan başa düşüb ki, Qərb ondan sülh istəyir. Ona görə də özünü "sülh göyərçini” kimi aparır. Amma Qərbin içində Fransa da var, hansı ki, oyunbazlıqla və təxribatlarla məşğuldur. Elə bu səbəbdən də Nikol da oyun oynayır və bir daha deyirik ki, özünü ABŞ-a elə göstərir ki, sanki gecəbəgündüz yalnız sülh haqqında fikirləşir. Əslində isə belə deyil. Amma burada bir məqam da var. Erməni əhalisi Paşinyanın oyunlarına nə qədər dözəcək? Bax, bu sualın cavabından çox şey asılı olacaq.
Bizim isə qənaətimiz budur ki, əgər bu il sülh sazişini imzalmaq mümkün olmasa, o, növbəti ildə də imzalanmayacaq. Ona görə ki, növbəti ildə ABŞ-da və Rusiyada prezident seçkiləri olacaq. Bəli, demək olar ki, Brüssel də var. Fəqət bizə elə gəlir ki, Avropa İttifaqı ABŞ-dakı və Rusiyadakı prosesləri nəzərə almadan sülh sazişi imzalamaq kimi bir işə girişməz. Üstəlik, bir detalı da unutmaq olmaz: Rusiyasız saziş imzalamaq çətin məsələdir. Ən azı ona görə ki, Kreml Paşinyandan vaxtı uzatmağı tələb edəcək və İrəvan da buna gedəcək. Düzdür, hal-hazırda Rusiyanın başı Ukrayna müharibəsindən başqa bir məsələyə də qarışıb ki, bu da Priqojin və "Vaqner” məsələsidir. Güman ki, Kreml bu problemi çözəcək. Amma təminat varmı ki, ona oxşar başqa bir problem meydana çıxmayacaq?..
Hüseynbala Səlimov
Şərhlər