Siyasət 14:50 07.11.2022

Vaşinqtonda Bayramov-Mirzoyan görüşü: Nə gözləmək olar?

"Xarici işlər nazirləri arasında görüşdən ciddi nəticələr gözləmək çətindir. Amma onların bu görüşü dövlət başçılarının görüşü üçün bir vasitə ola bilər. Düşünürəm ki, Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini dəvət etməkdə məqsədi də gələcək yüksək səviyyəli görüşün hazırlanması məqsədi daşıyır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Armen Mirzoyan arasında keçiriləcək görüşü dəyərləndirərkən deyib.

"Böyük ehtimalla bu görüşdə dövlət başçıları arasında gələcək görüşlərin yeri, vaxtı və müzakirə olunacaq məsələlər müzakirə predmeti olacaq. Yaxın günlərdə Brüsseldə dövlət başçılarının görüşü planlaşdırılır. Fikrimcə, Blinkenin Vaşinqtonda təşkil etdiyi görüşdə də məhz gələcək Brüssel görüşündə müzakirə olunacaq məsələlər masa üzərinə çıxarılacaq”, deyə politoloq bildirib.
 
Ekspert hesab edir ki, bu görüş nəticəsində sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən irəliləyişlərin də şahidi ola bilərik:

"Vaşinqton və Avropa İttifaqı yaxın gələcəkdə bu yöndə təşəbbüsü tamamilə öz əlinə alacaq. İki ölkənin XİN rəhbərlərinin görüşündə heç bir sənəd imzalanmayacaq. Amma bu sənədlərin imzalanmasını sürətləndirmək istiqamətində bəzi addımlar atıla bilər”.

Qeyd edək ki, Ceyhun Bayramovun Vaşinqton şəhərinə səfəri başlayıb. Amerika tərəfinin təşəbbüsü ilə bu gün Vaşinqtonda Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.

Rövşən Həsənov