"Neftçi” Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qarabağ”a məğlub olmaqla çempionluq şanslarını bir qədər də azaltmış oldu. Bununla yanaşı, komandada oyun sistemində də problemlər görünür.
Komandanın keçmiş futbolçusu Vladislav Qədirov Qaynarinfo-ya açıqlamasında "Neftçi”nin durumundan danışıb. Mütəxəssis komandada məşqçi işi olmadığını deyir:
"Neftçi”nin birinciliyi qazanması çox çətin olacaq. "Qarabağ”ın üstünlüyü aşkar görünür. "Neftçi”də oyun yoxdur. Nə istəyirlər, neyləməyə çalışırlar, bilinmir. Nə taktika, nə üslub var. Regekampf yaxşı mütəxəssisdir, amma onun işini görmürəm. Samir Abasovun "Neftçi”si daha güclü idi və çempion oldular. Komanda bir oyunda yaxşı oynayır, üçündə oynamır. Ola bilər, lider komanda ilə oyunda səhvlərə yol versin, bunu anlamaq mümkündür. Amma görün nə qədər xal itiriblər. Həm də oyun görünmür, heç nə başa düşmürəm. Yalnız bəzi futbolçular individual şəkildə nəsə edə bilir. Kimsə zədələnəndə heyətdə problem olur. Eddi, Laval zədə alanda komandada çətinliklər yaranır”.
Qədirov "Neftçi”nin ikinci yeri tutacağı təqdirdə bunun böyük iş olacağını düşünür:
"Baş məşqçi dəyişikliyi? Bunu rəhbərlik bilər. "Neftçi” ikinci yeri tuta bilsə, böyük iş olar. "Sabah” ikinci yerə daha layiqli komandadır. "Sabah” heyətinə görə "Neftçi”dən güclüdür. Demək olar, "Qarabağ”la eynidirlər. "Qarabağ”ın üstünlüyü ondadır ki, futbolçular neçə ildir birlikdədirlər. 7-8 ildir oynayırlar, bir-birilərinə uyğunlaşıblar. "Sabah”a 1-2 il vaxt versələr, çempionluğa da oynaya bilər. Bu komandada məşqçi işi görünür”.
Səbuhi Həsənov
Şərhlər