Ölkə 14:50 19.02.2024

Vüqar Qurbanovdan yeni təyinatlar

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar.

Qaynarinfo  xəbər verir ki, təyinatlar TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə baş tutub.

Belə ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktoru İntiqam İbrahimov ixtisasca otolorinolarinqoloqdur. O, bu təyinatadək Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim vəzifəsini icra edib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Namiq Həsənov ixtisasca cərrahdır. Yeni təyinatınadək Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri kimi fəaliyyət göstərib.

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov ixtisasca terapevtdir. O, bundan əvvəl Ağdaş Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Tofiqi Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində çalışıb.

Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.