Ölkə 16:43 01.05.2023

Vüqar Qurbanovun səlahiyyəti artırıldı, müavinləri isə...

TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək.

Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmana etdiyi dəyişiklikdə öz əksini tapıb.

Bununla yanaşı qeyd edilib ki, İcraçı direktorun Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 müavini var.

Qeyd edək ki, indiyədək TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 müavini həyata keçirirdi.

Fərmana əsasən, TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, icbari tibbi sığorta fondundan ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən (göstərilən xidmətlərdən) əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.

Beləliklə, TƏBİB-in İcraçı direktorunun səlahiyyəti artırılıb.

Qeyd edək ki, İcraçı direktoru Vüqar Qurbanovdur. 
 
TƏBİB İcraçı direktorunun vəzifələri də müəyyənləşib.

TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Şuranın vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 (üç) müavini vardır.

İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.

İcraçı direktorun vəzifələri aşağıdakılardır:

- TƏBİB-in fəaliyyətini təşkil edir;

- TƏBİB-in cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

- TƏBİB-in Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;

- Şuranın qərarlarını icra edir;

- aidiyyəti şəxslə dəyəri TƏBİB-in aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;

- TƏBİB-in strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

- bu Nizamnamənin 3.1.14-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

- cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır;

- bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;

- TƏBİB-in fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

- TƏBİB-in fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

- müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində TƏBİB-in Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

- TƏBİB-in işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

- TƏBİB-in, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində yalnız rəhbərlərinin, bu Nizamnamənin 4.7.15-ci yarımbəndi nəzərə alınmaqla tibb müəssisələrinə münasibətdə (tibb müəssisəsinin icra orqanı təkbaşçı olduqda) isə müalicə işləri üzrə müavinlər istisna olmaqla digər istiqamətlər üzrə müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

- TƏBİB-in əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

- bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində TƏBİB-in adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

- TƏBİB-in fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

- TƏBİB-in fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

- TƏBİB-də kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

- TƏBİB-də müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;

- özünün, tibb müəssisələrinin və TƏBİB-in struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

- Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

- İcraçı direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.