ABŞ İsrailə İranın hücumunu dəf etməyə yardım edəcək: ABŞ ordusu hücumun yaxın günlərdə həyata keçiriləcəyini ehtimal edir, CNN yazır. İran iyulun 31-nə keçən gecə Tehranda oteldə öldürülən HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin qətlinə cavab verəcək. Ayətullah Əli Xamenei "ağır cəza” vəd edib. İsrail Haniyənin ölümü ilə bağlı açıqlama verməsə də, daha iki yaraqlının öldürüldüyünü təsdiqləyib. İsrail ordusunun məlumatına görə, iyulun ortalarında Qəzzayə endirilən zərbələr nəticəsində HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Deyf, bu yaxınlarda isə Beyrutda Hizbullah komandirlərindən biri Fuad Şükr öldürülüb. Bundan sonra hərəkatın lideri Həsən Nəsrullah bildirib ki, İsrail "göz yaşı tökməlidir” və ölkənin əvvəllər atəşə tutulmayan ərazilərinə hücum edəcəyinə söz verib. ABŞ mediası yazır ki, Hizbullah qüvvələri İranın cavab hücumunda iştirak edəcək və hücumun özü də güc baxımından əvvəlki hücumları üstələyəcək.
Qaynarinfo bu mövzu ilə bağlı xarici mətbuatın icmalını təqdim edir.
İlk olaraq İsrail raketinin İranın hava hücumundan müdafiə sistemlərindən yan keçdiyi güman edilirdi, lakin
"The New York Times”ın yeni məlumatlarına görə, İsmayıl Haniyə bombanın partladılması nəticəsində öldürülüb: HƏMAS-ın siyasi lideri oraya gəlməmişdən iki ay əvvəl bomda otelə yerləşdirilib. İran üçün bu, fəlakətli uğursuzluqdur - Tehranın şimalındakı prestijli ərazi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən qorunur və komplekslər şəbəkəsi gizli danışıqların aparılması və Haniyə kimi hörmətli qonaqların yerləşdirilməsi üçün istifadə olunur. Mürəkkəblik baxımından yerli mənbələr hücumu nüvə alimi Möhsün Fəxrizadənin 2020-ci ildə, süni zəkaya malik silahlardan istifadə edildiyi zaman öldürülməsi ilə müqayisə edirlər. İsrail Haniyəni öldürdüyünü açıq şəkildə etiraf etməsə də, ölkənin kəşfiyyatı əməliyyatın təfərrüatlarını dərhal ABŞ-a təqdim edib.
"The Times of Israel” qeyd edir ki, İsrail ordusunun havada, dənizdə və quruda olan qoşunları istənilən senariyə hazırdır. Eyni zamanda, müdafiə "germetik deyil", Müdafiə Ordusu qeyd edir. Ehtiyat tədbiri olaraq, şimalda təhlükəli materialların bir neçə fabrikə daşınmasını məhdudlaşdırılıb və Akredəki dondurma fabriki fəaliyyətini dayandırıb, çünki orada istifadə edilən ammonyak qazı atəşə tutulsa təhlükəli ola bilər. İsrail aprelin 13-14-də İranın Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq yüzlərlə PUA və raketin İsrailə atıldığı senarinin təkrarlanmasının qarşısını almaq niyyətindədir.
CNN-in məlumatına görə, İranın cavabı İraq və Suriyadakı ABŞ hərbçilərinə qarşı hücumları da əhatə edə bilər. Bölgədəki proksi silahlı qruplaşmalar aylardır ABŞ obyektlərinə hücum edir. Lakin yanvar ayından sonra İordaniyada pilotsuz uçuş aparatı üç ABŞ əsgərini öldürdükdən sonra hücumlar dayanıb. İranın əmri ilə hücumlar bərpa edilə bilər. Avqustun 1-nə olan məlumata görə, ABŞ qoşunlarının hərəkəti ilə bağlı qərar hələ qəbul edilməyib. Teodor Ruzvelt aviadaşıyıcısının hücum qrupu potensial olaraq Oman körfəzindən Ədənə və ya Qırmızı dənizə hərəkət edə bilər.
Nizami Bağırov
Şərhlər