Xəbər lenti

Xətai Bağırov: “Onlar hansı komanda ilə qarşılşasalar, udacaqdılar”
İdman 13:00 21.09.2023

Xətai Bağırov: “Onlar hansı komanda ilə qarşılşasalar, udacaqdılar”

Futzal millimiz DÇ-2024-ün elit-raundunda ötən gün ikinci oyununu keçirdi. İlk görüşdə rumınlara məğlub olan Vitali Borisovun rəhbərlik etdiyi komanda Niderlandla qarşılaşdı və böyükhesablı qələbə qazandı - 6:1. Millimiz qrupda növbəti oyununu oktyabrın altısında Bakı İdman Sarayında Qazaxıstana qarşı keçirəcək.

Komandanın üzvlərindən Xətai Bağırov Qaynarinfo-ya açıqlamasında həm Niderland, həm də Rumıniya ilə matç haqda fikirlərini bölüşüb. O, qarşıdan gələn oyundakı, eyni zamanda qrupdan çıxmaq şanslarımızı dəyərləndirib:

"İlk oyunda qol vəziyətlərini realizə edə bilmirdik. Baxmayaraq ki, yaxşı oynamışdıq, amma təhlükəli vəziyyətləri qola çevirə bilmirdik. Qapıya təxminən 43-dən çox zərbə vurduq. Ümumiyyətlə qapı istiqamətində olan zərbələri nəzərə alsaq, cəmi bir qol oldu. Amma Niderlandla oyunumuz alındı. Qol vurulduqca komandada əhval-ruhiyyə yaxşı olur, oyunu eyni tempdə saxlaya bilirsən. Vəziyyətlərdən istifadə etdik, oyun əvvəldən axıra qədər yaxşı keçdi. Əsas üç xal idi ki, onu qazandıq. Yoxsa, vəziyyətimiz çox ağırlaşacaqdı”.

Bağırov qarşıdan gələn Qazaxıstanla matç haqda nələr düşündüyünü də deyib:

"Rəqib haqda məlumatlarımız var. Müxtəlif turnirlərdə, yoldaşlıq matçlarında onlarla oynamışıq. Düzdür, oyunları Alesionun (millinin sabiq baş məşqçisi - M.) dönəmində keçirmişik. Amma həm Qazaxıstanda, həm də bizdə heyət 90 faiz eyni qalıb. Oyuna yaxşı başlayan, qol vəziyyətindən daha tez istifadə edən tərəf xal, ya da xallar götürəcək. Onlar bizdən güclü deyil. Nə də biz onlardan zəifik. Fikrimcə, yaxşı hazırlaşıb, nəticə əldə etmək mümkündür. Rumıniya ilə Azərbaycanda da oynayacağıq. Amma həmin oyunda belə demək mümkünsə, idman şansları rumınlardan yana idi. Qapıçıları üç-dörd dəfə birəbir vəziyyətdə topları inanılmaz şəkildə kənara çıxardı. İki-üç dəfə top dirəkdən qayıtdı. Həmin gün onlar hansı komanda ilə qarşılşasalar, udacaqdılar. Təbii, Azərbaycanda da onları görəcəyik. Yəni, şanslarının gətirdiyini bəhanə etməyəcəyik”.

Xətai qrupdan çıxmaq şanslarını da dəyərləndirib: 

"Bu qələbədən sonra şansları yüksək görürəm. Amma hər şeyi, fikrimcə, Qazaxıstanla iki oyun həll edəcək. Xal, ya xallar götürsək, bu bizə çox köməklik edəcək. Çünki Rumıniya ilə evdə, Niderlandla səfərdə oyunumuz qalır. Bu oyunlarda altı xal əldə etsək, bizə çox faydası dəyər”.

Borisov gəldikdən sonra oyun sistemində və ya hansısa mənada irəliləyiş görünürmü:

"Bir qələbəmiz var artıq. Təbii ki, müsbətə doğru irəliləyiş hiss olunur. Çünki vaxtilə milli üzvü olmuş futzalçı, indi komandanı məşqçi kimi çalışıdırır. Heyətimiz əvvəlkidir. Sadəcə, milli ruh yüksəkliyi var. Oyunçular dəyişmədiyinə görə sistemdə də hansısa yenilik etmək çətindir. Fikrimcə, bu mənada dəyişiklik yoxdur. Amma milli ruh daha da yaxşılaşıb”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->