Dünya 18:53 18.04.2023

Xəzər dənizinə iki nəhəng gəmi gəlir

"Kazmortransflot" (KMTF) 2023-cü ildə "Abu Dhabi Ports Company"dən (ADP, Birləşmiş Ərəb Əmirlikləri) dedveyti 8 min ton olan iki gəmi almaqla Xəzər neft tankerləri parkını 5 gəmiyə qədər artırmağı planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Qazaxıstan Avropa İttifaqının sanksiya riskləri zonasında qalmaq qorxusundan Rusiya limanlarından yan keçərək neft ixracını artırır. 2022-ci ildə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu tapşırığa əsasən, "Kazmunayqaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında "Tengiz” yatağından Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.

Hazırda 4 tanker Xəzər neftini Bakıya daşıyır ki, onlardan ikisi SOCAR-a məxsusdur.

KMTF TK Aktau (dwt 12,365 ton), Astana (12,368 ton) və Almatı (12,368 ton - Mahaçqalaya neft nəql edir) tankerlərinə malikdir.

"Kazmortransflot"un sahibi olan "Kazmunaigas" (KMG) ilə "Abu Dhabi Ports Company" arasında Xəzərdəki neft və qaz layihələrinə dəniz xidmətlərinin göstərilməsi üzrə birgə müəssisənin yaradılması üçün ötən ilin dekabrında strateji tərəfdaşlıq sazişi imzalanıb.

Nizami Bağırov