Siyasət 15:14 15.03.2023

XİN Paşinyana cavab verdi

Ermənistan baş nazirinin növbəti dəfə erməni sakinlərlə dialoq məsələsinə müdaxilə etməyə çalışması, Azərbaycanın Qarabağ bölgəsi üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat dolu bəyanatlar səsləndirməsi, "Qarabağın xalqı və hökuməti” kimi ifadələr işlətməsi qəbuledilməzdir.

Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 14 mart 2023-cü il tarixində Ermənistanın baş naziri N.Paşinyan tərəfindən mətbuat konfransı zamanı səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavabında bildirib.

"Erməni əsilli sakinlərin reinteqrasiyası üzrə müzakirənin Azərbaycanın daxili işi olduğu və kənar dövlətlərin bu məsələdə heç bir rolunun olmadığı barədə mövqeyimizə Ermənistanın məhəl qoymaması, onun "xalqların öz müqqədəratlarını təyin etməsi” prinsipi pərdəsi altında 90-ci illərin əvvəllərində ölkəmizə qarşı başlatdığı təcavüz siyasətindən əl çəkmədiyindən xəbər verir. Ermənistan baş naziri anlamalıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqları bölgənin azərbaycanlı əhalisinin hüquqlarından heç zaman üstün ola bilməz və Azərbaycan, ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə yalnız bərabər yanaşma tətbiq edir və edəcək”, - Ayxan Hacızadə qeyd edib.