Xəbər lenti

phrase_var_qaynar. 14:29 30.07.2026

"Z nəsli"nin etirazları nəticə verdi: Hindistan hökuməti imtahanın vaxtını dəyişdirdi

Ölkə parlamenti imtahan materiallarının sızmasına qarşı mübarizə haqqında qanun layihəsini qəbul edib

Hindistan parlamentinin aşağı palatası hökumətin təqdim etdiyi və kütləvi gənclər etirazlarından sonra hazırlanmış imtahan materiallarının sızmasına qarşı mübarizə haqqında qanun layihəsini ikinci cəhddən sonra təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, təhsil sahəsində korrupsiyaya görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan yeni tədbirlər "Z nəsli"nin tələblərini qarşılamağa və müxalifətin gənclərdən hökumət əleyhinə aksiyaları davam etdirmək üçün istifadə imkanlarını azaltmağa yönəlib. Gənclərin etirazları, həmçinin baş nazir Narendra Modini təhsil sahəsində rəqəmsal texnologiyalardan daha fəal istifadə etmək və islahatlara aparıcı İT şirkətlərini cəlb etmək qərarına gətirib.

Hindistanda siyasi qarşıdurma küçə və meydanlardan parlamentin aşağı palatasına keçib. Gərgin müzakirələrdən sonra Lok Sabha (Hindistan parlamentinin aşağı palatası) təhsil sahəsində korrupsiyaya qarşı mübarizə və dünyanın ən çox əhalisi olan ölkəsində "nəsillərarası münaqişənin" aradan qaldırılması məqsədi daşıyan federal qanunvericiliyə düzəlişləri təsdiqləyib.

Baş nazir Modinin hökuməti tərəfindən təqdim edilən vahid ümummilli NEET imtahan sisteminin yenilənməsi haqqında qanun layihəsinin müzakirəsi iyulun 27-də ilk gün müxalifətin əsas qüvvəsi olan "Hindistan Milli Konqresi" partiyasının və INDIA alyansına daxil olan digər qüvvələrin deputatlarının etirazı səbəbindən baş tutmayıb.

Parlament iclası başlayan kimi müxalifət deputatları son həftələrdə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı polisin sərt davranışlarına qiymət verilməsini və daxili işlər naziri Amit Şahın parlamentə çağırılmasını tələb ediblər.

Bundan əlavə, müxalifət dövlət imtahanları sisteminin islahatı ilə bağlı hökumət qanun layihəsini yetərli hesab etməyib. Onların fikrincə, Narendra Modi kabinetinin təqdim etdiyi sənəd yalnız imtahan materiallarının sızmasına görə günahkarların cəzalandırılmasını nəzərdə tutur, lakin belə halların qarşısını almaq üçün mexanizmlər yaratmır.

Hakim "Bharatiya Janata Partiyası"nın deputatları isə müxalifəti siyasi məqsədlər güdməkdə və ölkədə vəziyyəti gərginləşdirmək üçün "Z nəsli"ndən istifadə imkanını qorumaq naminə sənədin qəbuluna mane olmaqda ittiham ediblər.

Səsvermənin bir neçə dəfə təxirə salınmasından sonra hakim partiya iyulun 28-də hökumət qanun layihəsinin qəbuluna nail olub. Yeni sənəd təhsil sahəsində saxtakarlıq və korrupsiyaya görə cəzaları sərtləşdirir, dövlət imtahanlarının keçirilməsində iştirak edən podratçı şirkətlərin məsuliyyətini artırır və tapşırıqların sızması ilə bağlı araşdırmaları sürətləndirir.

Minimum həbs müddəti 5 ildən 10 ilə qədər artırılır. Fiziki şəxslər üçün maksimum cərimə 1 milyon rupidən 5 milyon rupiyə (təxminən 52 min dollar) yüksəldilir. İmtahanların keçirilməsi, sualların çapı, logistika və texniki dəstəklə məşğul olan şirkətlər üçün maksimum cərimə 10 milyon rupidən 50 milyon rupiyə (təxminən 522 min dollar) artırılır.

Qəbul edilən düzəlişlər mərkəzi hökumətə imtahanların keçirilməsi zamanı baş verən hüquq pozuntularını araşdırmaq üçün xüsusi qruplar yaratmaq səlahiyyəti verir. Hindistan ştatlarının hökumətləri isə belə işlərə baxılması üçün xüsusi sürətləndirilmiş məhkəmələr yaratmalı olacaq.

Düzəlişlərin müəlliflərinin sözlərinə görə, hökumət qəbul edilən yeniliklərin ictimai imtahan sisteminə olan etimadı bərpa edəcəyinə ümid edir.

Yeni gənclər etirazlarının qarşısını almaq məqsədilə Hindistan Ali Məhkəməsi iyulun 28-də bütün ştatların hakimiyyət orqanlarına küçə aksiyalarında saxlanılan 18 yaşdan aşağı şəxsləri, eləcə də əvvəllər məhkumluğu olmayan yetkin şəxsləri azad etmək barədə qərar verib.

Hindistanın ən yüksək məhkəmə instansiyası polisin mümkün səlahiyyət həddini aşması hallarının hərtərəfli araşdırılmasını tələb edib. Etirazların keçirildiyi ştatların hakimiyyət orqanları müşahidə kameralarının görüntülərini, polis danışıqlarını və aksiyaların dağıdılması ilə bağlı digər materialları saxlamalıdır.
 


Bundan əlavə, araşdırma zamanı əldə edilmiş etiraz iştirakçılarının şəxsi rəqəmsal məlumatlarının dərc edilməsi və yayılması qadağan olunub.

Gənclərin etirazları baş nazir Narendra Modini təhsil sahəsində rəqəmsal texnologiyalardan daha fəal istifadə etmək və islahatlara Hindistanın aparıcı İT şirkətlərini cəlb etmək ideyasına da sövq edib.

Bu istiqamətdə atılan addımlardan biri imtahan sisteminin islahatı üzrə xüsusi işçi qrupunun yaradılması olub. Qrupa Hindistanın ən böyük İT şirkətlərindən və dünya informasiya texnologiyaları xidmətləri təchizatçılarından biri olan "Infosys" şirkətinin həmtəsisçisi və direktorlar şurasının sədri Nandan Nilekani rəhbərlik edəcək.

"İmtahan sisteminin islahatına diqqət yetirəcək və texnologiya sahəsində dünya şöhrətli ekspert Nandan Nilekaninin rəhbərlik edəcəyi yüksək səviyyəli işçi qrupunun yaradılması qərara alınıb", deyə Narendra Modi "X" sosial şəbəkəsində yayımladığı video müraciətində bildirib.

O qeyd edib ki, yaradılan qrup "ən qısa müddətdə hesabat hazırlayacaq və onun əsasında qarşıdakı imtahanların etibarlılığını təmin etmək üçün tədbirlər görüləcək".

Nandan Nilekani Hindistanın rəqəmsal transformasiyasının əsas müəlliflərindən biri hesab olunur.

2009-2014-cü illərdə o, Hindistanın Unikal İdentifikasiya İdarəsinə (UIDAI) rəhbərlik edib. Onun rəhbərliyi altında dünyanın ən böyük biometrik rəqəmsal identifikasiya sistemi olan "Aadhaar" yaradılıb. O, həmçinin Hindistanın rəqəmsal infrastrukturunun inkişafında mühüm rol oynayıb.

Hindistanın baş naziri bildirib ki, hökumət tələbələrin maraqlarını qorumaq üçün əlavə addımlar atacaq.

"Gənclərin gələcəyi ilə oynayanlar bu gün həbsxanalarda çürüyür. Biz sərt məsuliyyət tədbirlərini nəzərdə tutan yeni qanunun tətbiqi üzərində işləməyə davam edəcəyik", deyə Narendra Modi vurğulayıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->