Xəbər lenti

Bir çanta yükün altında əzilən təhsil, yoxsa sağlamlıq?
Günay İlqarqızı
Ölkə 12:46 23.12.2024

Bir çanta yükün altında əzilən təhsil, yoxsa sağlamlıq?

Tədris ili başlayandan hər valideyn övladının məktəb çantasının ağırlığından şikayətlənməyə başlayır. 

Haqlı deyillərmi? Mənə görə haqlıdırlar. 

Oğlum 5-ci sinifdə oxuyur. Həm də sinif otağı məktəbin 5-ci mərtəbəsindədir. 

Mən bu sabah evdə onun çantasını otaqdan dəhlizə apara bilmədim. 

Bu gün onun 6 dərsi var. Məktəbli çantasında isə hər dərsdən bir dərs vəsaiti, bir dəftər, bir əlavə kitab və bəzi dərslərdən iş dəftəri var.  İndi bu ağırlığı təsəvvür edə bildinizmi? 

O, körpə canı ilə bunu hər gün iki dəfə yuxarı-aşağı daşıyır. 

Heç bugünkü qədər ürəyim ağrımamışdı. Səhər-səhər, yuxulu-yuxulu o ağır çantanı körpə canı ilə daşımaq...

Hamımız övladımız üçün yaxşı təhsil, yaxşı gələcək arzulayırıq, amma bunun yanında sağlamlıq da arzu edirik. 

Bəs hər gün ən azı 7 kq çəkisi olan çantanı çiynində, belində daşıyan uşağın hansı sağlamlığından söhbət gedə bilər? 

Elə bilirisiniz, bu vəziyyətdən müəllimlər narazı deyil? 

Belə olan halda niyə bu dərsliklər mövzunu tam əhatə edəcək formada yazılmır? Niyə uşaqlar əlavə kitablarla yüklənir? 

Nədir bu məsələnin pərdəarxası?.. 

Deyək ki, uşaqlara əlavə bilik verilir, əlavə bilik lazımdır. Amma sağlamlıq əldən gedərkən o bilik kimə lazım olacaq? 

Mənim körpəm niyə hər gün o ağırlıqda çantanı 5-ci mərtəbəyə yuxarı-aşağı daşımalıdır? 

Niyə bunlar düşünülmür? Niyə düşünülmür ki, bu ölkənin gələcəyi olan uşaqlar, sağlam gələcəkləri olmadan bu ölkəyə lazım olmayacaq? 

Axı, elə dərslikləri yazanlar 20-30 il bundan əvvəl təhsil alan şəxslərdir. Onlar bu qədər əlavə vəsait olmadan oxuyub, indi gəlib bir yerlərə çatıblarsa, bu uşaqlara əlavə vəsaiti yükləməklərinə səbəb nədir? 

Sual yaranır, öz təhsilinizdən narazısınızsa, o təhsillə indi bu kitabları necə yazırsınız? 

Yox, razısınızsa, dərs vəsaiti yazırsınızsa, bu əlavə kitablara nə ehtiyac var? 

Mən suallarımın cavabını dinləməyə hazıram, yetər ki, siz cavab vermək istəyin.
 
Günay İlqarqızı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->