"Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyinin sədri Səbuhi Zamanın "Adamın dibi” şeirlər kitabının təqdimat mərasimi keçirilib.
İctimai Birlikdən Qaynarinfo-ya bildirilib ki, tədbir "Ümid yeri” Uşaq Sığınacağına dəstək məqsədilə təşkil olunub.
Təqdimat mərasimində kitab haqqında məlumat verilib. Bildirilib ki, müəllifin şeirlərində insanın daxili aləmi, cəmiyyətin sosial və mənəvi həyatı ilə bağlı fəlsəfi fikirlər öz əksini tapıb. "Adamın dibi”ndə müasir Azərbaycan cəmiyyətinin əxlaqi, mənəvi keyfiyyətləri və insanın daxili mübarizəsi kimi mövzular geniş işıqlandırılıb. Səbuhi Zaman özünün fəlsəfi yanaşmaları və realizm təəssüratı ilə, insanlara düşüncələrini yenidən qurmağa, onlara yeni perspektivlər təqdim etməyə çalışıb. Müəllifin özünəməxsus dil üslubu və dərin mənalı şeirləri hər kəsi fikirləri üzərinə cəmləyə bilir.
Rəngarəng poeziya gecəsində müəllif çıxış edərək iştirakçılara təşəkkürünü bildirib və yeni şeirlərini oxuyub.
Tədbirdə, həmçinin şairlər, qiraətçilər "Adamın dibi” kitabından şeirlər səsləndiriblər. Tanınmış müğənnilərin ifasında lirik mahnılar dinlənilib.
Sonra "Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyinin sədri Səbuhi Zaman kitabın ərsəyə gəlməsi ilə mədəniyyətin inkişafına və təbliğinə dəstək olan ziyalılara, iş adamlarına xatirə hədiyyələri verib.
Sonda tədbir iştirakçıları müəllifin imzalı kitabını əldə ediblər.
Şərhlər