Dünya 13:33 10.06.2023

Ərdoğanın yeni komandası: Türkiyə iqtisadiyyatını nə gözləyir?

"Məmurlara inam hələ problemin həlli demək deyil. Bu məsələdə isimlər kifayət etmir. Hər şey atılacaq addımların alqoritmindən, yaxın gələcəkdə veriləcək qərarlardan asılı olacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın yeni komandaya Qərbyönümlü şəxsləri gətirməsindən sonra qardaş ölkənin iqtisadiyyatını dirçəltməyin mümkün olub-olmayacağından danışarkən deyib.

Ekspertin fikrincə, atılacaq addımlar uğurlu və güvən verici olsa, xarici investorların ölkə iqtisadiyyatına marağı artacaq:



"Burada söhbət güvənin qazanılmasından gedir. Çünki son zamanlar Türkiyədə prezident səlahiyyətlərinin həddən artıq güclü olması, Mərkəzi Bankın müstəqilliyini itirməsi fikrinin yayılması, iqtisadiyyatda dominant olaraq bir nəfərin sözünün keçməsi investorlar üçün güvən zədələnməsi demək idi. Ona görə də Mərkəzi Bankın rəhbərliyinə ABŞ-da təhsil alan, bu ölkənin bank sistemində çalışan, Qərb iqtisadiyyatını yaxşı bilən bir şəxsin gətirilməsi, Mehmet Şimşeyin isə xəzinə və maliyyə naziri təyin olunması Qərb şirkət və investorlarına güvən vermək üçündür. 

Atılacaq addımlar uğurlu və kifayət qədər ciddi güvənin yaranması üçün təsirli olacaqsa, bu halda Türkiyə iqtisadiyyatına xarici investorların daxil olması prosesi sürətlənə bilər. Bu da öz növbəsində həm valyutanın məzənnəsinin tənzimlənməsində, həm də iqtisadi artımda mühüm rol oynaya bilər”. 



Qeyd edək ki, Türkiyədə keçirilən seçkilərdən sonra prezident Rəcəb Tayyib Ərdoğan yeni komanda formalaşdırıb. Onun komandasında bu dəfə Qərbyönümlü şəxslər də var. Onlardan ən başlıcası Mərkəzi Bankın rəhbərliyinə gətirilən Hafize Gaye Erkandır. Erkan 2001-ci ildə Boğaziçi Universitetindəki ixtisas bölümünü birinciliklə bitirib, daha sonra təhsilini ABŞ-nin Prinston Universitetində davam etdirib. 

Erkan həmçinin iki il ABŞ-də yerləşən zərgərlik şirkəti "Tiffany & Co.”nun idarə heyətinin üzvü vəzifəsində çalışıb. O, Mərkəzi Bankdakı təyinata qədər qlobal maliyyə konsaltinq şirkəti "Marsh McLennan”ın idarə heyətinin üzvü olub. Qaye Erkan həm də "Dünya” qəzetinin iqtisadiyyat sahəsində köşə yazarıdır. 



Xəzinə və maliyyə naziri təyin olunan Mehmet Şimşek də İngiltərədə təhsil alıb. 56 yaşlı nazirin Türkiyə, Böyük Britaniya və ABŞ vətəndaşlığı var.

Mehmet Şimşək Rəcəb Tayyib Ərdoğan, Əhməd Davudoğlu və Binəli Yıldırımın başçılığı altında qurulan hökumətlərdə çalışıb. 2007, 2011, iyun 2015 və noyabr 2015-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə Ədalət və İnkişaf Partiyasının üzvü olaraq parlamentə daxil olub.

O, Ərdoğanın qurduğu 60-cı Türkiyə hökumətində iqtisadiyyatdan məsul dövlət naziri vəzifəsində çalışıb. Binəli Yıldırımın qurduğu 65-ci Türkiyə hökumətində yenidən baş nazirin müavini vəzifəsinə təyin edilib. O, 2013-cü ildə "Emerging Markets" jurnalı tərəfindən Avropada ilin maliyyə naziri seçilib. Elə həmin il "Foreign Policy" jurnalı tərəfindən dünyanın ən nüfuzlu 500 adamından biri kimi göstərilib.

Rüfət Sultan