Hüseynbala Səlimov
Dünya 12:10 15.05.2023

Gürcüstan yenidən Rusiya orbitinə qayıdır?

Ötən həftə Rusiyanın prezidenti Vladimir Putin Gürcüstanla avia-reyslərin bərpa olunması və bu ölkənin vətəndaşları üçün viza rejiminin ləğvi haqqında sərəncam imzaladı. 

Reaksiyaları çox gözləmək lazım gəlmədi. İlk olaraq gürcü prezidenti Solome Zurabaşvili hökuməti Rusiya ilə yaxınlaşmaqda ittiham etdi. 

Daha sonra isə okeanın o biri tayından soraqlar gəldi: Vaşinqton bəyan etdi ki, Gürcüstan torpaqlarının iyirmi faizini işğal altında saxlayan Rusiya ilə münasibətlər qurmağa tələsməməlidir. Amerikalılar təkcə bununla kifayətlənmədilər. Tiflisi xəbərdar etdilər ki, onlar ABŞ-ın yeni sanksiyaları ilə üzləşə bilərlər...

Bir sözlə, post-sovet məkanında yenə də küləklər əsməkdədir. Əslində onlar heç vaxt səngiməyiblər. Əgər ABŞ və ya Avropa ölkələri olmasaydı, Tiflis hələ bir neçə il bundan əvvəl, Rusiya-Gürcüstan müharibəsi vaxtı işğal olunacaqdı. O vaxtdan hamı deyir ki, Gürcüstan ABŞ-ın dəstəyi sayəsində müstəqil dövlət kimi qala bilir.

Amma Ukrayna-Rusiya müharibəsi göstərdi ki, artıq bu dəstək qəti yetərli deyil – Moskva oyun qaydalarını pozur və necə deyərlər, va-bank gedir. Belə bir vaxtda Avropa Gürcüstana qarşı heç də ən düzgün addımı atmadı – Ukrayna və Moldovadan fərqli olaraq ona "namizəd –dövlət” statusunu vermədi. Əlbəttə, "namizəd-dövlət” statusu o demək deyil ki, ölkə bu gün-sabah Avropa İttifaqının üzvü olacaq. Amma bu da bir işarə hesab edilir və Rusiyaya anladılır ki, Tiflis hələ də Avropa ailəsinin nəinki üvü, hətta buna namizəd belə deyil.

Bunun qarşılığında isə Rusiya Moldovaya və Gürcüstana öz təzyiqlərini artırır və Ukrayna kampaniyasını uğurla başa çatdırsa, heç şübhəsiz, növbəti hədəf bu ölkələr olacaq, çünki GUAM üçlüyü çoxdan idi ki, Moskvanın əsəbləriylə oynayırdı. Hazırda Kişinyovda vəziyyət çox gərgindir və burada növbəti hakimiyyət dəyişikliyi olsa, buna qətiyyən təəccüblənmərik. Gürcüstanda etirazlar yoxdur, üstəlik, buradakı əsas müxalifət qərbyönümlüdür. Burada problem hakimiyyətdə olan "Gürcü arzusu” siyasi koalisiyasıdır. Amma sual yaranır: indiki məqamda görən, bu siyasi koalisiya həqiqətənmi Gürcüstan üçün problemdir? 

Doğrusu, biz bu suala "hə” deməyə tələsmirik, çünki çox qarışıq zamanda yaşayırıq və ötən Gürcüstan-Rusiya müharibəsi göstərdi ki, Tiflis Kiyevdən fərqli olaraq Moskvanın həmləsi qarşısında heç bir gün belə duruş gətirə bilməz. 

Gürcü tarixinin ən qərbpərəst prezidenti Mixeil Saakaşvili Rusiyanın hücumu nəticəsində o qədər çaşmışdı ki, kabinetində az qala, qalstukunu çeynəməklə məşğul idi...

Ona görə də Rusiyanın növbəti təzyiqləri ərəfəsində hakimiyyətdə Rusiyaya çıxışı olan siyasi koalisiyanın olması bəlkə də Tiflisin sözün lap əsl mənasında qurtuluşudur. Əlbəttə ki, əsl istiqlalçı, əsl demokrat həmişə, bütün situasiyalarda belə qalmalıdır. Amma siyasət mümkün olanın sənətidir. Biz əsl istiqlalçı Mixeil Saakaşvilini Rusiya-Gürcüstan müharibəsi zamanı gördük, bir daha qeyd edirik ki, bu adam həyəcandan kabinetində qalstukunu çeynəyirdi. Bundan illər öncə isə radikal-istiqalalçı Zviad Qamsaxurdianın aqibətini görmüşdük və o vaxt Tiflisin qurtuluşu onda oldu ki, Eduard Şevardnadze də vardı siyasi səhnədə, hansı ki, bütün Gürcüstanı olmasa da, hər halda, Tiflis və onun ətrafını nəzarət altına qaytara, ölkəni qismən də olsa, idarə olunan vəziyyətə gətirə bildi. Bilirsiniz, cəmiyyətlərin, millətlərin yaddaşı bir az qısa olur. Bu belə də olmalıdır – illər keçdikcə onlar siyasət adamlarından daha çox tələb edirlər. Bu baxımdan götürəndə, gürcülər Şevardnadzeyə heykəl qoymadılar, amma bir vaxt meydanda onun qarşısında diz çöküb "Bizi xilas et!” deyirdilər...

Ona görə də burada bir daha deyirik ki, böyük siyasət yalnız mümkün olanın sənətidir. 

Elə bu səbəbdən də kiçik Gürcüstan "geosiyasət dənizi”nin dərinliklərinə baş vurmamalıdır. Bu ölkənin hakim partiyasının isə edə biləcəyi bir şey varsa, o da ehtiyatlı olmaq, tələsik qərarlar verməmək, keçmiş müttəfiqlərini özündən uzaqlaşdırmamaq və səbrlə Rusiya-Ukrayna müharibəsinin davamını izləməkdir. Məsəl var, deyirlər ki, Allahın bir adı da Səbrdir...
 
Hüseynbala Səlimov