Hüseynbala Səlimov
Siyasət 09:36 21.11.2022

İsraildə səfirliyimiz açılacaqmı?..

Hüseynbala Səlimov

Otuz il vaxt keçib. Amma hələ də İsraillə diplomatik münasibətlərimiz simmetrikləşməyib, bu ölkədə bizim səfirliyimiz açılmayıb. Bu illər ərzində vaxt olub ki, məsələ bu gün–sabahlıqdır deyiblər, tezliklə İsraildə səfirliyimizin açılacağı bildirilib. 

Amma olmayıb, məsələ bu günədək öz həllini tapmayıb. Fəqət məsələ bu gün daha ciddi görünür. Bu günlərdə belə deyildi ki, Milli Məclisimiz İsraildə səfirliyin, Fələstində isə nümayəndəliyin açılması haqqında qərar qəbul edib.

Düzdür, Milli Məclisin də qərarlarının yubanması praktikası mövcuddur. Amma qərarın bu günlərdə qəbul olunması təsadüfi deyil və səfirliyin açılmasını yubadan əsas səbəb aradan qalxıb. Bəli, biz İran dövlətilə münasibətləri nəzərdə tuturuq. 

Daha Azərbaycan qonşu İranı öz səmimiyyətinə inandırmağı lüzum bilmir. Bəli, Bakı otuz il çox çalışdı - hamı İrana qarşı olanda, o, qonşuluq münasibətlərini hər şeydən üstün tutduğunu, öz ərazisini və özünü İrana qarşı istifadə etməyə heç vaxt imkan verməyəvəyini bəyan etdi. 

Amma Tehran buna məhəl qoymadı və Azərbaycana qarşı olmaqda davam etdi, başqa məsələlər bir tərəfə, Ermənistanla əlaqələrini genişləndirdi, Azərbaycanla düşmən olan dövlətlə geniş münasibətlər qurmaqda davam etdi. İkinci Qarabağ Savaşından sonra İranın bu çabaları pik həddə çatdı – İranın siması açıldı, onun Azərbaycana qarşı düşmən dövlət olması hamıya bəyan və aydın oldu.

Ona görə də daha rəsmi Bakı İrana qarşı sülhməramlı siyasət yürütməyi lazım bilmədi. Bütün bu günlərdə, İranda sosial-siyasi etirazlar səngimək bilməyəndə Azərbaycan KİV-ləri etirazçıların yanında oldu və molla rejiminə qarşı mübarizədə onlara mənəvi dəstək verdi. Bu bir daha göstərdi ki, Azərbaycanın İranla bağlı siyasətində yeni era başlayıb və bunun məğzini öncə izah etdik. 

İsraildə səfirlik açmaq məsələsi də bu siyasətin bir hissəsidir. Rəsmi Bakı göstərir ki, o, dostlarını və müttəfiqlərini özü seçir və onlarla münasibətlərin məzmununu və çəkisini özü müəyyən edir. Bu illər ərzində Azərbaycanın İsraillə münasibətləri çox yüksək səviyyədə olub, amma İrana görə Azərbaycanın İsraildə səfirliyi hələ də açılmayıb.

Burada bir nüans da var. Əgər İran xalqının, İran cəmiyyətinin İsraillə bir problemi olsaydı, İsraildə səfirliyin açılmasının yubadaılmasını başa düşmək olardı. Amma belə problem yoxdur. Bir-iki il bundan əvvəl İran cəmiyyəti "Bizi Fələstinin problemləri yox, öz problemlərimiz maraqlandırır” şüarları ilə küçələrə çıxmışdılar. İndi də etirazlar davam edir. Düz iki aya yaxın vaxt keçib, dörd yüzdən çox adam həlak olub. Amma etirazlar səngimək bilmir, davam edir. Çox təəssüf ki, molla rejimi hələ də güzəştə getmək, konkret islahatlar aparmaq istəmir. Bunun da səbəbləri var.

Birincisi, etirazçılar, ümumiyyətlə, molla rejiminin hakimiyyətdən getməsini, İrandakı xalqların milli haqlarının gerçəkləşməsini tələb edir, molla rejiminin liderlərinin portretlərini yandırırlar.

İkincisi, hədəfdə olan İrandakı molla rejimidir, ölkə ən azı dünyəvi siyasi sistemə keçməlidir. Amma bu, mollakratiyanın sonu deməkdir. Bu illər ərzində İranda imtiyazlı siyasi elita formalaşıb və bu da hazırki din xadimləri, mollalardır. Düzdür, onların da sırasında mövcud rejimi siyasi islahatlara səsləyənlər, etirazçıların tərəfini tutanlar var. Amma ki, etirazçılar daha kardinal dəyişikliklər tələb edirlər. Alınacaqmı? Bizə elə gəlir ki, etirazçılar istəklərinə çatacaqlar. Bütün hallarda, onlar deyirlər ki, İran daha əvvəlki kimi olmayacaq...

Bir az əvvəldə qeyd etdik ki, nəinki bizim KİV-lərimiz, o cümlədən də hökumət və dövlət xadimlərimiz İrandakı etirazçılara və etirazlara mənəvi dəstək verirlər. Belə bir addım hətta Türk Dövlətləri Birliyinin Səmərqənddə keçirilən toplantısında da atıldı və Azərbaycandan kənarda yaşayan azərbaycanlıların mədəni haqlarının yerinə yetrilməsinin vaciblyi bildirildi. Bir sözlə, proses davam edir və ümid edirik ki, o ciddi pozitiv nəticələrə gətirib çıxaracaq.