Britaniya krallıq ailəsi Uels şahzadəsi Keyt Middletonun xərçəng xəstəliyindən vəfat etdiyi halda həyata keçiriləcək tədbirlər planını əvvəlcədən hazırlayıb.
Qaynarinfo xəbər verir ki, "Le Figaro" nəşrinin məlumatına görə, bu planın adını şəxsən şahzadə Uilyam seçib. Nəşr bu barədə kral xronikaçısı Bertran Dekersin "Keyt: həmin o gün, nə vaxt ki…" adlı kitabına istinadla xəbər verib.
Kitab 11 iyun tarixində satışa çıxarılacaq. Krallıq ailəsinin şahzadənin ölüm halı üçün hazırladığı planın adı və təfərrüatları indiyədək gizli saxlanılırdı. Lakin Dekersin bildirdiyinə görə, plana "Redinq körpüsü əməliyyatı" (Operation Reading Bridge) adı verilib.
2024-cü ilin yanvar ayında Keyt Middletona xərçəng diaqnozu qoyulmuşdu. O, bu barədə həmin ilin mart ayında ictimaiyyətə özü məlumat vermişdi. Həmin dövrdə ona profilaktik kimyaterapiya kursu təklif olunmuşdu. Sentyabr ayında şahzadə bu kursu uğurla başa vurduğunu açıqlamış, noyabrda isə təxminən birillik fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxmışdı. 2025-ci ilin yanvar ayında isə Uels şahzadəsi xərçəngin remissiya mərhələsinə keçdiyini bəyan etmişdi.
Qeyd edək ki, Bukingem sarayı adətən krallıq ailəsinin hər hansı üzvünün vəfatı halında əvvəlcədən tədbirlər planı hazırlayır. Belə ki, ötən ilin fevralında kral III Karlın vəfatı halında hakimiyyətin ötürülməsi üçün hazırlanmış planın mövcudluğu ictimaiyyətə açıqlanmışdı. Həmin plana "Menay körpüsü” kod adı verilmiş və hakimiyyətin şahzadə Uilyama ötürülməsi mexanizmi təsvir olunmuşdu.
Aydın
Şərhlər