Xəbər lenti

Bertiyə 6 il, Azərə 6 ay...
Amal Abuşov
İdman 13:44 26.05.2025

Bertiyə 6 il, Azərə 6 ay...

"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov qonaq olduğu bir verlişdə deyib ki, U-21 millisindən istefa verməyib, onu istefaya göndəriblər. Sitat: "Mən millidən istefa verməmişəm. Sadəcə olaraq, mənə zəng edib dedilər ki, "səninlə işləmək istəmirik”. Halbuki, 20 gün əvvəl yeni tsikl üçün birlikdə planlar qurmuşduq”.

Sadıqov 2017-ci ilin dekabrında U-21 millisinə baş məşqçi təyin olunmuşdu. Həmin vaxt Azərbaycan futbolu ilə bağlı yeni ümidlər cücərirdi. Qurban Qurbanov da əsas komandanın baş məşqçisi postuna gətirilmişdi. Bu təyinatla birlikdə Azərbaycan futbolunda yeni layihənin icra olunmağa başlandığı, Qurban bəylə birlikdə milli komandalara gələn mütəxəssislərə öz ideyalarını həyata keçirmək üçün 6-7 il vaxt veriləcəyi deyilirdi. Özü də bu fikir bilavasitə AFFA prezidenti Rövnəq Abdullayevin dilindən səslənən açıqlamadan sonra formalaşmışdı. Amma olmadı. AFFA-nın baş katibi Elxan Məmmədov nə hoqqa çıxardısa, Qurbanovun, Sadıqovun və digərlərinin milli komandalarda fəaliyyəti heç bir il çəkmədi.

Elxan Məmmədov rəsmi şəkildə AFFA-dan uzaqlaşıb və ya uzaqlaşdırılıb. FİFA-ya sığınan baş katib özü uzaqda olsa da, bizim futbolumuz elə onun dövründəki kimi idarə olunur. Yenə də yerli mütəxəssislərə inamsızlıq mühiti formalaşdırılır, onların işləməsinə imkan verilmir. Halbuki, Azərbaycan futbolu elə az-çox nə uğur qazanıbsa, yerli mütəxəssislərin sayəsində qazanıb. Qurban Qurbanov illərdir ki, "Qarabağ”la birlikdə avrokuboklarda tarix yazır, Azərbaycan çempionatında da rəqib tanımır. Elə həmin Rəşad Sadıqov da "Zirə”də yaxşı işlər görür, ötən il Avropada özünü göstərməyi bacarıb. Bu il də həmin missiyanı davam etdirmək əzmindədir. "Neftçi” 2012-ci ildə Avropa Liqasının qrup mərhələsinə yüksəlib, yeni tarix yazanda da baş məşqçisi azərbaycanlı, rəhmətlik Böyükağa Hacıyev idi.

Mən yerli-əcnəbi mövzusu açıb, ayrı-seçkilik salmaq istəmirəm. Amma görünən odur ki, Elxan Məmmədov Azərbaycan futbolunun canına sağalması asan görünməyən bir "xəstəlik” salıb. Bundan sonra da o "xəstəlik” bizə çox çətinlik yaradacaq. O "xəstəliyin” adı yerlilərə zaman verməmək, onlara işləməyə imkan yaratmamaqdır. "Kəpəz”də məhdud büdcəylə uğur qazanan, komandanı elitada saxlayan Azər Bağırov klub rəhbərliyi tərəfindən didərgin salındı, istefaya məcbur edildi. "Araz Naxçıvan”a bu qədər çətinliyin fonunda medal və avrokuboklara vəsiqə qazandıran Elmar Baxşıyev də dünən ayrılıq siqnalları verib.

Bizim futbolumuzda söz sahibi olan başbilənlərin dərdi nədir? Almaniyalı qoca Berti Foqts Azərbaycan millisində 6 il işlədi, düz 6 il! İtaliyalı təqaüdçü Canni De Byazi üç il bizə yalan danışmaqla məşğul oldu. Onların portuqaliyalı həmyaşıdı Fernandu Santuş bir ildir ki, millimizi məğlubiyyətlərə daşıyır, onu qınayanlara isə uzaq 2028-ci ili nişan verir. Yəni ki, mənim AFFA ilə müqaviləm o vaxta qədərdir, siz susun. AFFA da bu əcnəbilərin hər birinə dözüm göstərib. AFFA-nın "köynəyindən çıxan”lar, futbol təsərrüfatına hardan gəldiyi bilinməyənlər yerlilərə nə üçün şans vermir? Azər Bağırov "Kəpəz”ə ötən ilin sentyabrında gətirilmişdi, artıq mart ayından istefaya göndəriləcəyi gözlənilirdi və iddialar özünü mayda doğrultdu. Əcnəbiyə 6 il dözüb, yerliyə 6-cı ayında qapını göstərənlərlə bizim futbol necə inkişaf edəcək?! Heç cür!

Amal Abuşov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->