Xəbər lenti

Polşa Ukraynaya qoşun yeridəcək? - Politoloq
Dünya 18:37 09.06.2023

Polşa Ukraynaya qoşun yeridəcək? - Politoloq

"Rasmussen Rusiyanı qorxutmaq məqsədilə bu fikirləri səsləndirib”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenin Polşanın Ukraynada qoşun yerləşdirməsini istisna etməməsini şərh edərkən deyib. 

"Rasmussen vəzifədən gedəndən sonra dünya haqqında təsəvvürləri bir qədər korlanıb. Ona görə də o ara-sıra həqiqətə uyğun gəlməyən fərziyələr söyləyir. Düşünmürəm ki, hansısa NATO ölkəsi Ukraynaya girməklə nüvə silahı olan Rusiya ilə birbaşa hərbi qarşıdurmaya getsin. Onlar siyasi, iqtisadi, hərbi sahədə əllərindən gələn köməyi Ukraynaya edirlər və edəcəklər. Amma özləri Ukrayna müharibəsinə birbaşa olaraq qarışmayacaqlar. NATO, ilk növbədə ABŞ buna icazə verməz. Yadınız salın ki, Polşa öz təyyarələrini Ukraynaya vermək istəyirdi, ABŞ imkan vermədi. Təyyarəsini verə bilməyən ölkə müharibəyə necə qoşula bilər? Rasmussenin dedikləri məntiqə uyğun deyil. O bu fikirləri səsləndirməklə sadəcə guya öz aləmində Rusiyanı qorxutmaq, siyasi gündəmdə qalmaq məqsədi güdür”, deyə politoloq bildirib.

Qeyd edək ki, Şimali Atlantika Alyansının keçmiş baş katibi Anders Foq Rasmussen NATO Kiyevə təhlükəsizlik zəmanəti verməsə, bəzi NATO ölkələrinin Ukraynaya hərbi qüvvələr göndərməyə hazır ola biləcəklərini istisna etməyib. O bildirib ki, alyans Ukrayna üçün irəliləyişlə bağlı qərar verə bilməsə, NATO dövlətlərinin fərdi şəkildə hərəkətə keçə biləcəyi ilə bağlı "açıq bir ehtimal” var. Bu əsasda da o, Polşanı xüsusi olaraq qeyd edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->