
Hər payız “Severe Weather Europe” şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979–2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktual deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə “Libertatea” nəşri yazıb.
2011-ci ildə Cudi Koen və Castin Consun qar örtüyünün oktyabr ayında Qərbi Avropadan Sakit okean sahillərinədək geniş ərazilərdə yayılma sürəti ilə bağlı araşdırması dərc olunub.
Bu nəzəriyyədə Cənubi Sibir, Monqolustan, eləcə də Mərkəzi Asiya və Tibetin dağlıq əraziləri mühüm rol oynayır. Nəzəriyyənin izahı atmosferdə baş verən bir-biri ilə əlaqəli proseslərə əsaslanır. Təzə qar yer səthini soyudur və Şimali Asiyada yerləşən, yüksək təzyiq və soyuq hava ilə xarakterizə olunan geniş ərazi — Sibir antisiklonunun güclənməsinə şərait yarada bilər.
Bildirilirdi ki, antisiklon Arktikanı əhatə edən küləklərin dövranına təsir göstərir və Şimal qütbü yaxınlığında çox soyuq havanın saxlanmasına kömək edir. Qütb burulğanı zəifləyib formasını dəyişdikdə soyuq hava kütlələri daha asanlıqla aşağı enliklərə, o cümlədən Şimali Amerika və Avropaya yayıla bilər.
Lakin 2011-ci il araşdırmasında nisbətən qısa dövrü — 1997–2010-cu illər arasındakı 14 qışı əhatə edən məlumatlardan istifadə edilmişdi. Son araşdırmada isə müşahidə dövrü 47 qışa qədər genişləndirilib. Qar örtüyü ilə bağlı dörd müxtəlif məlumat toplusu müqayisə edilib.
Yeni nəticələr qarın miqdarı ilə Avropadakı hava şəraiti arasındakı əlaqənin xeyli zəiflədiyini təsdiqləyib. Təhlilə əsasən, bu əlaqə yalnız 2000-ci illərin əvvəlləri və ortalarında nisbətən qısa müddət ərzində güclü olub. Son illərdə isə əlaqə zəifləyib, bəzi hallarda hətta əks istiqamətdə dəyişib.
Nəzəriyyə əvvəllər niyə inandırıcı görünürdü?
Bu nəzəriyyəni təsdiqləyən mühüm nümunələrdən biri 2009–2010-cu illərin qışı olub. Həmin qışdan əvvəl oktyabr ayında qar örtüyü çox sürətlə genişlənmişdi.
Avropada qış sərt şaxtalarla yadda qalıb, ABŞ-ın şərqində isə 2010-cu ilin fevralında güclü qar yağıb. Bu hadisələr Sibirdə qar örtüyünün artması ilə sonrakı aylarda müşahidə edilən hava şəraiti arasında əlaqə olduğunu təsdiqləyirmiş kimi görünürdü.
Lakin 2019–2020-ci illərin qışında tamamilə fərqli vəziyyət yaranıb. Oktyabrda qar örtüyü sürətlə genişlənsə də, Avropada qış ən isti qışlardan biri olub, ABŞ-da isə qar nisbətən az yağıb.
Bu iki qış göstərir ki, eyni ilkin əlamətdən sonra atmosferdə tamamilə fərqli proseslər baş verə bilər. Beləliklə, oktyabr ayında Sibirdə qarın sürətlə yayılması Avropada və ya Şimali Amerikada qışın soyuq keçəcəyinə zəmanət vermir.
Aydın

