Xəbər lenti

Traktorun lizinq borcunu bağlamaq və işə düzəltmək adı ilə 10 min manat aldı - Amnistiyaya düşdü
Ölkə22:57 14.10.2026

Traktorun lizinq borcunu bağlamaq və işə düzəltmək adı ilə 10 min manat aldı - Amnistiyaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanışına traktorun lizinq borcunu bağlamaq və neft şirkətlərindən birində işə düzəltmək vədi verərək 10 min manatdan çox pul alan şəxsin barəsində cinayət təqibinə xitam verilib.

Qaynarinfo xəbər verir ki, zərərçəkmişə dəymiş ziyan tam ödənildikdən və tərəflər barışdıqdan sonra təqsirləndirilən şəxs amnistiya aktı əsasında cinayət məsuliyyətindən azad edilib.

İş materiallarına əsasən, təqsirləndirilən şəxs tanışına məxsus kənd təsərrüfatı texnikası olan traktorun lizinq borcunu Kənd Təsərrüfatı Nazirliyində işləyən tanışı vasitəsilə bağlatdıracağını və onu Bakıdakı neft şirkətlərindən birində fəhlə vəzifəsinə düzəldəcəyini vəd edib.

Bu vədlərə inanan zərərçəkmiş müxtəlif vaxtlarda təqsirləndirilən şəxsin istifadə etdiyi bank kartına, eləcə də həmkəndlisinin və dostunun “Kapital Bank” kartlarından pul köçürüb. Vəsaitlərin bir hissəsi Zərdab rayonunun Aşağı Seyidlər kəndində yerləşən “Sara Market”dəki MilliÖn terminalı vasitəsilə göndərilib.

İş materiallarında göstərilən köçürmələrin ümumi məbləği 10 min 666 manat təşkil edib. İstintaq həmin pul vəsaitinin aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirildiyi qənaətinə gəlib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və törətdiyi əməldən peşman olduğunu bildirib. O, zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini, tərəflərin barışdığını qeyd edərək barəsində amnistiya aktının tətbiq olunmasını və cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.

Zərərçəkmiş də məhkəmədə ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Təqsirləndirilən şəxsin müdafiəçisi də “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının tətbiq olunmasını istəyib. Dövlət ittihamçısı isə amnistiya qərarının müvafiq bəndlərinin tətbiqini, cinayət təqibinə xitam verilməsini və seçilmiş qətimkan tədbirinin ləğvini təklif edib.

Məhkəmə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (dələduzluğun xeyli miqdarda ziyan vurmaqla törədilməsi) ilə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində amnistiya qərarını tətbiq edib.

Nəticədə, Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 1.12, 1.14 və 5.1-ci bəndlərinə əsasən, təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Seyid