Xəbər lenti

Ayağını cizgidən kənara qoyan molla və “Sumqayıt”
Amal Abuşov
İdman 14:07 18.09.2023

Ayağını cizgidən kənara qoyan molla və “Sumqayıt”

Əvvəllər tez-tez Azərbaycan klublarının yolu İdman Arbitraj Məhkəməsinə, yəni CAS-a düşürdü. "Xəzər Lənkəran”ın, "Bakı”nın, hətta "Neftçi”nin adı hallanan işlər bu məhkəmədə müzakirəyə çıxarılırdı, Azərbaycan klublarına bir ətək cərimə yazılırdı. Biz də onları qınayırdıq ki, Azərbaycanın adını belə mötəbər təşkilatlarda batırırlar, ölkə futbolunun imicinə zərbə vururlar. Günü bu gün də həmin borclardan ödənilməyənləri var. Adını qeyd etdiyim klublardan savayı "Turan Tovuz” məşqçi Naci Şensoya olan borcunu ödəmədiyinə görə də CAS-ın cəriməsinə məruz qalıb. Həmin borc ödənilmədiyinə görə Tovuz klubu bu gün özünün tarixi adıyla çıxış edə bilmir, addəyişməyə getməklə FİFA-nı da, UEFA-nı da, CAS-ı aldatmağa çalışır.

Əlbəttə ki, xoş mənzərə deyil. Əcnəbilərlə klublarımız arasında olan anlaşmazlıqların CAS-a qədər gedib çıxmasını ürəkağırı ilə izləməkdə, keçmişdə olanları unutmaqdaykən daha bir biabırçılıqla üz-üzə qaldıq. CAS-da Azərbaycan təmsilçisinə qarşı yeni iş açıldı. Bu dəfə "Sumqayıt”ın adı mübahisədə hallanırdı. İkiqat utandırıcı məsələ o idi ki, "Sumqayıt”dan şikayət edən əcnəbi yox, azərbaycanlı mütəxəssis idi. Klubun keçmiş məşqçisi Elnur Çodarov halalca maaşını ala bilmədiyindən ora üz tutmuşdu. Məsələ ondadır ki, Çodarovu işdən azad edəndə ona çatası olan təzminat ödənməyib. Üstəlik, adam AFFA-nın Apellyasiya Arbitraj Məhkəməsinə müraciət edib. Amma həmin qurumda oturub, ədaləti qorumalı olan cənablar Riad Rəfiyevin xətrinə dəyməyib, qanunları ayaq altına atıblar. Haqqını ala bilməyən Elnur bəy də çıxış yolunu CAS-a üz tutmaqda görüb.

Sentyabrın 4-də CAS yekun qərarını açıqlayıb. AFFA-nın Apellyasiya Arbitraj Tribunalının 4 may 2022-ci il tarixli qərarı ləğv edilib, "Sumqayıt”ın müqavilənin pozulmasına görə Elnur Çodarova 10725 manat məbləğində kompensasiya ödənməsi qərar verilib. Üstəlik, Riad Rəfiyevin rəhbərlik etdiyi klub məhkəmə xərclərinin də 70 fazini ödəməlidir. Şəxsən mən yerli məşqçinin haqqının yeyilməsinə, məsələnin CAS-a qədər uzanmasına görə çox utanıram. Məndən daha çox Riad Rəfiyev utanmalıdır. Amma adam neynəyir? Rəhbərlik etdiyi klubun adından sevincək bəyanat yayılır. Deyilər ki, bizi təbrik edin, CAS Elnur Çodarovun iddiasını qismən təmin edib, ona 14 min yox, 10725 manat təzminat ödəyəcəyik. Belə yerdə deyiblər e, utanmasan, oynamağa nə var ki?!

Kaş ki, adamlarda birbalaca xəcalət hissi olardı. Bəyanat vermək əvəzinə Elnur Çodarovu çağırıb, halal pulunu verərdilər, sonra da onu incitdiklərinə görə üzrxahlıq edərdilər. Təəssüf edirəm ki, "Sumqayıt”a rəhbərlik edən şəxslərdə bu alicənab hislər yoxdur. Hələ üstəlik sevincək də olublar ki, CAS Çodarovun iddiasını tam təmin etməyib. Yadıma Molla Nəsrəddinin bir lətifəsi düşdü. Məsəli hamıdan uzaq olsun. Yolkəsənlər bir gün Molla Nəsrəddinin yoldaşını incidirlər, özünə isə yerdə bir çevrə çəkib deyirlər ki, ayağını ordan kənara qoyma. Onlar işlərini qurtarıb gedəndən sonra yoldaşı molladan narazılıq edir. Molla da qayıdıb deyir ki, heç kefini pozma, ayağımı çevrədən beş dəfə kənara qoydum, yolkəsənlərin heç xəbəri olmadı...

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->