Xəbər lenti

Mir Cəlal Paşayev -
Könül Nuriyeva
Sənət 11:50 09.07.2025

Mir Cəlal Paşayev - "Bir gəncin manifesti"

Bir baharın gəlməsiylə, digər Baharın getməsi üst-üstə düşə bilərmi? Bəlkə də ilk bədii əsərdir ki, bu hadisə ilə rastlaşırıq. 

Kasıblığın insan taleyinə vurduğu ən güclü zərbə bu əsərdə ana xəttdir desəm, yəqin yanılmaram. Yeni dünya qurulması proseslərinin fonunda bir balaca uşaq, bir tək və tək olduğu qədər minlərə bərabər qadın, bir gənc addımlayır. Balaca uşaq müəllifin uğurla yazdığı təbiət təsvirlərinin bəlkə də ən gözəl çiçəyi, ən hündür dağı, ən dərin dərəsi, ən dadlı yaz otudur. Həmin uşaq təbiətin bir parçasıdır, təbiətə yaraşır və uşaq naturası ilə təbiətin bir hissəsi olmaqdan başqa istəyi yoxdur. O qaçmaq, tullanmaq, dostlarıyla oynamaq, anasının bişirdiklərindən yemək istəyir. Amma mövcud sistemin yaratdığı ağır kasıblıq onun əynində cırıq-sökük paltardan başqa nə qoyub ki?! Uşaq acdır, uşaq bir tikə çörək üçün böyüklərin gördüyü işi görməlidir, üstəlik uşaq varlıların ağır sözlərini, tənə və danlaqlarını götürməlidir. Mövcud sistem problemin mənbəyidir, zümrələr arasındakı münaqişənin səbəbidir. Bu münaqişəyə xırda toqquşma da bəs edər ki, o böyüsün. Köynəyi cırılan uşaq Bahardır, onun köməyinə gedən qardaşı Mərdandır, uşağı təhqir edən isə Hacı və Ağaməciddir. 
 


Müəllif ilk səhnələrdən kasıb evindəki aclıqdan və varlı evindəki toxluqdan bəhs edir, varlının həyətində itlərin də tox olduğunu diqqətimizə çəkir. Təhqir, acı sözlər, aşağılama, söyüş, nifrət Hacının dilində də, üzündə də böyük yer edib, Mərdanın sakit və mədəni davranışı bir azdan fiziki zərbəyə dönəcək. Əsərin ilk səhifəsindən Baharın faciəsi başlayır - tut yemək istəyi paltarının alınmaslyla nəticələnir, qardaşınının onu müdafiəsi isə Mərdanın doğma evi tərk etməsiylə sonlanır. Bahar tək qalır, köməksiz qalır, ac qalır. Əslində onun Sona kimi dövrünə görə cəsarətli anası var, amma Sonanın əli-qolu bağlıdır, Sona zəmanəsinə bənzəyir, əl boyda uşağı varlı qapısında işləməyə göndərmək məcburiyyətindən yaxa qurtara bilmir.

Baharın uşaq qəlbi yorulur, çox dözəndən sonra bezir, baş götürüb uzaqlara gedir. Bilmədiyi məchulluğa, qardaşını düşünərək gedir. Bir qış günü qar altından tapılan uşaq cəsədi əsərin ən təsirli yeridir, orta məktəbdə oxuyarkən də, illər sonra oxuyarkən də adamın tükləri biz-biz durur. İnsanlar müxtəlif sistemlərdə eyni vəhşidirlər, uşaq qatilidirlər. 

Adı Bahar olan bu oğlanı soyuqdan öldürürlər. Getdiyi şəhərin hamamçısı da, baqqalı da, yolları da, havası da bu uşağın qəsdinə durur. Oxucunu dərin təəssüf hissi bürüyür - bir az da yubansaydı hadisələr, zaman və məkan  Mərdan və Baharı qarşılaşdırsaydı, necə gözəl olardı…!

Sona obrazı, əminəm ki, azərbaycanlı oxuculara öz analarını xatırladır. Məsələn, mən ilk dəfə hələ kitab oxuya bilməyəndə "itə ataram, yada satmaram" atalar sözünü anamdan eşitmişdim. Köhnə evimizdəki bəlkə ən gözəl xatirəm, anamın Sonanın ingilislərə "Yusif-Züleyxa” xalçasını satmaması əhvalatını danışması olub. Necə xoşuma gəlmişdi, anam necə ürəklə danışmışdı. Sona analarımızın mərdlik simvoludur, aclığın təslim edə bilmədiyi insan nümunəsidir, nitqi ilə, bir cümləsi ilə bir orduya qalib gələn qadın etalonudur. İngilisin axmaq üz ifadəsi, bir qadının böyük miqdarda pul müqabilində etiraz etməsini başa düşməməsi oxucuda təbəssüm yaradır. Hardan bilsin axı, bizim milli dəyərlərimizi?!

Əsər nisgilin və mübarizənin dərin olduğu məqamlarla zəngindir - Mərdanın qardaşını görə bilməməsi, Sonanın Baharı itirməsi, əzilən insanların apardığı yaşamaq mübarizəsi, sistemin dəyişməsi, sadə insanların silah tutması, həmrəyliyi…

Müəllif ölkəyə bahar gətirir, təbiət də pozulmayan qaydasıyla növbəti baharını qarşılayır, qar əriyir, qar altından nərgizlər boylanır, bir cüt iri qara gözlər, əsər 1938- ci ildə yazılmasına baxmayaraq, hələ bizə-oxuculara baxır…

"Uşaqların xoşbəxt olduğu dünyanı qura bildidikmi" sualı əsər boyu beynimi deşir.

Könül Nuriyeva

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->