"Bu səs yazısının indi yayılmasının təsadüf olduğunu düşünmürəm"
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy ABŞ prezidenti Donald Trampın 2024-cü ildə seçki kampaniyasının donorları ilə keçirdiyi görüşdəki səs yazısının bu qədər vaxt ötəndən sonra yayılmasını şərh edərkən deyib.
Həmsöhbətimiz qeyd edir ki, bu informasiyanı gündəmə gətirənlərin müəyyən məqsədləri var:
"Məqsədlərdən biri ümumi mənada Trampı pis duruma salmaqdan ibarətdir. Başda CNN olmaqla ABŞ-ın media və siyasi arenasında Trampın uğursuzluğa düçar olması, reytinqinin aşağı düşməsində maraqlı olan müəyyən təsir qüvvələri var. Trampla bağlı yayılan bu səs yazısı da əslində həm daxildə, həm də xaricdə onun əleyhinə hesablanmış həmlədir".
Ekspert bildirir ki, belə bir səs yazısının yayılmasını istəyənlər arasında Rusiya və Çinlə münasibətlərin pis olmasında maraqlı olan qüvvələr də var:
"Son zamanlar görürük ki, Trampla Putin arasındakı münasibətlər hamar deyil. Tramp son iki gündə Putin əleyhinə bir sıra siyasi mesajlar verib. Belə addımlarla da həmin prosesi dərinləşdirmək niyyəti güdülür".
Ekspert səs yazısının montaj olması ehtimalını da istisna etmir. Bununla belə, Nazim Cəfərsoy Trampın belə kəskin ifadələr işlədən siyasi lider olduğunu nəzərə alaraq, informasiyanın reallıq ehtimalının daha yüksək olduğu qənaətindədir.
Qeyd edək ki, CNN telekanalı ABŞ prezidenti Donald Trampın 2024-cü ildə seçki kampaniyasının donorları ilə keçirdiyi görüşdəki səs yazısını yayımlayıb. Həmin görüşdə Tramp Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Szinpinə qarşı sərt hədələrindən fəxrlə danışıb.
"Mən Putinə dedim: əgər Ukraynaya girsən, Moskvanı cəhənnəmə çevirəcəyəm. O mənə inanmadı, amma təxminən 10% inandı. Bu kifayətdir", deyə Tramp bildirib.
Eyni şəkildə Trampın Çin lideri Si Szinpinlə olan danışıqları da səs yazısında öz əksini tapıb: "Ona dedim: əgər Tayvana hücum etsəniz, Pekini bombalayacağam".
Trampın sözlərinə görə, Si Szinpin onun dəli olduğunu düşünüb, amma yenə də təxminən 10% bu hədəyə inanıb.
Rüfət Sultan
Şərhlər