ABŞ-da sabiq Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan və Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq direktoru Ceyms Komeyə qarşı "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamı ilə istintaq başladılıb.
Qaynarinfo xəbər verir ki, "Fox News" bu barədə ABŞ Ədliyyə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, hazırkı MKİ direktoru Con Ratklif, Brennanın vəzifəsindən sui-istifadə etdiyinə dair sübutları FTB-yə təqdim edib. Bu sübutların ardından FTB-nin Con Brennan barəsində rəsmi istintaqa başladığı bildirilir.
FTB mənbələri həmçinin sabiq qurumun direktoru Ceyms Komeyə qarşı da istintaqın başladığını təsdiqləyib. Hər iki istintaqın Rusiya hökumətinin 2016-cı il ABŞ prezident seçkilərinə Donald Trampın xeyrinə müdaxilə etdiyi iddiaları və həmin dövrdə direktorların Konqres qarşısında verdikləri ifadələrin doğruluğu ilə bağlı aparıldığı bildirilir.
Məlumata görə, FTB Brennan və Komey arasında həmin dövrdə aparılmış yazışmaları və koordinasiyanı sui-qəsd nəzərinyyəsi kimi qiymətləndirir.
Eyni zamanda MKİ bu ayın 3-də yaydığı bəyanatda 2016-cı il prezident seçkilərində Rusiyanın Trampın xeyrinə müdaxilə etdiyi ilə bağlı hazırlanmış kəşfiyyat hesabatının "tələsik və qeyri-dəqiq şəkildə" tərtib olunduğu nəticəsinə gəldiklərini açıqlayıb.
Xatırladaq ki, 2016-cı ildə Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyi iddialarından sonra, 2017-ci ildə xüsusi səlahiyyətli prokuror Robert Myuller bu məsələ ilə bağlı istintaqa başlamışdı. Trampın seçki kampaniyasının fəaliyyətlərini araşdıran istintaq təqribən 2,5 il davam etsə də, Trampı birbaşa günahlandıracaq hər hansı bir sübut tapılmamış və iş bağlanmışdı.
Daha sonra, Tramp administrasiyası dövründə ABŞ baş prokuroru Uilyam Barr, Con Dörhemi bu istintaqın başlanğıc mərhələlərini araşdırmaq üçün xüsusi prokuror təyin etmişdi. Dörhemin araşdırması nəticəsində iki nəfər sübutlarla oynadıqlarını və Trampı günahkar göstərməyə çalışdıqlarını etiraf etmişdi.
Aydın
Şərhlər