Xəbər lenti

Texas daşqınları Trampın reytinqini vurur: Siyasi qarşıdurmalar yaranır
Dünya 16:31 09.07.2025

Texas daşqınları Trampın reytinqini vurur: Siyasi qarşıdurmalar yaranır

ABŞ-ın Texas ştatında baş verən dağıdıcı daşqın təkcə humanitar fəlakət deyil, eyni zamanda iki partiya arasında siyasi qarşıdurmanın yeni məkanına çevrilib. Onlarla insanın həyatına son qoyan və milyardlarla dollar ziyana səbəb olan bu təbii hadisə, prezident Donald Tramp administrasiyası üçün operativ reaksiya nümayiş etdirmək imkanı olsa da, Demokratlar bu vəziyyətdən siyasi dividendlər qazanmağa çalışırlar. Tragediya seçici meyillərində əhəmiyyətli dəyişikliklərə gətirib çıxara bilər.

Qaynarinfo xəbər verir ki, ABŞ prezidenti Donald Tramp iyulun 11-də daşqından ciddi zərər görən Mərkəzi Texası ziyarət etməyi planlaşdırır. O, bu hadisəni "faciəvi vəziyyət” adlandırıb və xilasedicilərin "uğurlu işi”ni yüksək qiymətləndirib.

İyulun 5-nə keçən gecə Mərkəzi Texasın bəzi bölgələrinə yarım illik yağıntı norması qısa müddətdə yağıb. Qvadalup çayında su səviyyəsi cəmi 45 dəqiqə ərzində səkkiz metr yüksəlib. Hadisənin baş verdiyi ərazi yerli sakinlər üçün məşhur istirahət məkanlarından biri olduğundan, ABŞ-ın Müstəqillik Günü münasibətilə orada çox sayda insan toplanmışdı.

Daşqın nəticəsində azı 109 nəfər həlak olub. Ölənlər arasında Kerr dairəsindəki yay düşərgəsində olan onlarla azyaşlı qız da var. 850-dən çox insan, o cümlədən 165 uşaq xilas edilsə də, onlarla şəxs hələ də itkin düşmüş sayılır. "AccuWeather” özəl meteoroloji xidmətinin ilkin hesablamalarına görə, ziyan 18-22 milyard dollar arasında dəyişir.



Ağ Evin sürətli reaksiyası və tənqidlər

Prezident Tramp fəlakətə operativ reaksiya verib. İyulun 6-da o, fövqəladə vəziyyət rejimini elan edib və Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kristi Noem dərhal Texasa göndərilib. Bu addımlar, Trampın 2024-cü ilin payızında baş vermiş Helen qasırğasından sonra Bayden administrasiyasına yönəltdiyi kəskin tənqidlər fonunda atılıb. Həmin fəlakət zamanı Şimali Karolina və Corciyada 200-dən çox insan həlak olmuşdu və Tramp Baydeni hadisə yerinə getməməkdə və Fövqəladə Halların İdarə Olunması Agentliyinin zəif reaksiyasında günahlandırmışdı.

Lakin bu dəfə də Demokratlar Tramp administrasiyasını sərt şəkildə tənqid ediblər. Onlar Milli Hava Xidməti (NWS) və digər fövqəladə hallarla məşğul olan federal agentliklərin maliyyələşdirilməsinin azaldılmasını fəlakətin dərinləşməsində əsas səbəb kimi göstərirlər. Demokratların fikrincə, büdcə kəsirləri nəticəsində əhali vaxtında xəbərdar edilməyib və evakuasiya gecikib.



Texasdakı faciə - Siyasi partiyalar üçün test

Texasın ən mühafizəkar ştatlardan biri və Respublikaçıların dayaq nöqtəsi olması faciəni Ağ Ev üçün daha da həssas edir. Konqresə namizəd olan demokrat Ayzaya Martin "Tramp bu agentlikləri maliyyədən məhrum edib və indi cavab verməlidir” deyə çağırış edib. Texasdan olan nümayəndələr palatasının üzvü Hoakin Kastro da bu fikri dəstəkləyib.

Vaşinqton ştatının qubernatoru, demokrat Cey İnsli isə yeni qəbul edilən "Böyük Möhtəşəm Qanun”da ("Big Beautiful Bill”) yaşıl enerji layihələrinə ayrılan vəsaitin azaldılmasını iqlim dəyişikliyi fonunda fəlakətlərin artmasının səbəbi kimi göstərib. Onun sözlərinə görə, Tramp həmin gün alternativ enerji sektoruna zərbə vuran qanunu imzalayaraq faciənin təsirini daha da ağırlaşdırıb.

Eyni gündə ABŞ Ali Məhkəməsi Trampa dövlət orqanlarında kütləvi ixtisarlar aparmaq səlahiyyəti verib. Bu qərar minlərlə federal əməkdaşın işini itirə biləcəyi ehtimalını gündəmə gətirib.



İki cəbhənin arqumentləri

Ağ Evin mətbuat katibi Abigeil Cekson Demokratların ittihamlarını "biabırçı və iyrənc” adlandıraraq, NWS-in daşqından 12 saat əvvəl xəbərdarlıq etdiyini bildirib. Administrasiya xilasedicilərə təşəkkür edib və Texasın bərpasına yardımın davam etdiriləcəyini vəd edib.

Daxili Təhlükəsizlik naziri Kristi Noem də etiraf edib ki, xəbərdarlıq sistemlərində müəyyən çətinliklər var, lakin bu, əvvəlki administrasiyalardan miras qalmış texnoloji problemlərlə bağlıdır və onların modernləşdirilməsi artıq başlayıb.



Siyasi nəticələr və tarixdən dərslər

Bu cür fəlakətlər ABŞ-da seçkilərə təsir edən mühüm amillərdən biri kimi qiymətləndirilir. Demokratlar administrasiyanı səriştəsizlikdə, respublikaçılar isə onları faciəni siyasiləşdirməkdə ittiham edir. Tarixdə bənzər hal 2005-ci ildə Katrina qasırğası zamanı yaşanıb: federal və yerli hakimiyyətin ləng reaksiyası nəticəsində prezident Corc Buşun reytinqi 40%-ə düşmüş və bu, respublikaçıların 2006 və 2008-ci il seçkilərində məğlubiyyətinə səbəb olmuşdu.

Bu baxımdan, 2026-cı ilin noyabrında keçiriləcək aralıq Konqres seçkiləri Respublikaçılar Partiyası üçün ciddi sınaq ola bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->