Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi hücum fonunda Polşa Hava Hücumundan Müdafiə (HHM) sistemlərini, qırıcı təyyarələrini və radiolokasiya kəşfiyyat vasitələrini tam döyüş hazırlığı vəziyyətinə gətirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı məlumat yayıb.
Komandanlığın bəyanatında deyilir:
"Nəzərinizə çatdırırıq ki, Rusiya Federasiyasının Ukrayna ərazisindəki obyektlərə hücumları ilə əlaqədar Polşa hava məkanında Polşa və müttəfiq hava qüvvələrinin əməliyyatları başlayıb".
Rəsmi məlumata görə, Operativ Qərargah Komandanının sərəncamında olan mövcud qüvvə və vasitələr tam döyüş rejiminə gətirilib. Hərbçilər bildirirlər ki, hücum zamanı yerüstü hava hücumundan müdafiə sistemləri və radiolokasiya izləmə vasitələri ən yüksək hazırlıq vəziyyətinə çatdırılıb.
"Bu tədbirlərin məqsədi təhdidə yaxın ərazilərdə təhlükəsizliyi təmin etməkdir. Operativ Komandanlıq vəziyyəti daim izləyir və tabeliyindəki qüvvə və vasitələr dərhal reaksiya verməyə tam hazırdır", – deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, 9 iyula keçən gecə Rusiyanın Ukraynanın Luçsk şəhərinə qarşı həyata keçirdiyi hücumda təxminən 50 "Şahed” tipli kamikadze dron və 5 raket istifadə olunub. Hücum nəticəsində şəhərdəki qaraj kooperativində və bir sənaye müəssisəsinin ərazisində yanğınlar baş verib.
Luçsk meri İqor Palişçuk bildirib ki, bu, şəhərə və icmaya qarşı həyata keçirilmiş ən genişmiqyaslı dron və raket hücumudur. Onun sözlərinə görə, ölənlər barədə məlumat yoxdur.
"HHM qüvvələrimizə ehtiram və təşəkkür borcluyuq. Yeni məlumat daxil olduqca dərhal xəbər verəcəyəm", – deyə mer əlavə edib.
Eyni zamanda, Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib ki, Ukrayna müdafiəçiləri bölgə üzərində 17 Rusiya dronunu məhv ediblər.
Onun sözlərinə görə:
"Axşam saatlarından etibarən Nikopol bölgəsinə hücumlar səngiməyib. Düşmən ağır artilleriya və FPV-dronlardan istifadə edib. Nikopol, Pokrovska, Çervonoqriqorivka və Marqanets icmaları zərər görüb. İnfrastruktur dağılıb, lakin insanlar xəsarət almayıb".
Rovno vilayətinin rəhbəri Aleksandr Koval da açıqlamasında bildirib ki, gecə boyu bölgədə hava həyəcan siqnalı verilib. İlkin məlumata görə, ölən və yaralanan yoxdur, düşmənin hədəfləri zərərsizləşdirilib.
Alpər
Şərhlər