Amal Abuşov
İdman 10:34 11.01.2023

Viallinin ölümü

Gəncəli futbol veteranı Arzu Mirzəyev 2020-ci ilin sentyabrında dünyasını dəyişdi. Səssiz-səmirsiz getdi bu dünyadan. Doğma şəhərindəki qəbristanlıqda, atasının məzarının yanında dəfn olundu. Heç yadımdan çıxmaz, ölümündən bir müddət əvvəl futbolumuzun tanınmış simalarından olan Faiq Hüseynov onu Dubaya dəvət etmişdi. Sosial şəbəkələrdə qarşıma çıxan şəkillərdən çox xoşbəxt görünürdü.

Cəmi 58 il yaşadı və ömrünün son illərini çətinlik içində keçirdi. Daim iş arzusunda, sevimli peşəsində ona etimad göstərilməsi həsrətində idi. 

Elə dünyadan tez köçməsinin də səbəbi çəkdiyi maddi sıxıntılar, gördüyü çətin günlər oldu. Ümumiyyətlə, azərbaycanlı futbol veteranlarının əksəriyyətinin məşəqqət çəkməsi günümüzdə adi haldır. Çox cüzu bir qrup var ki, onları AFFA öz qanadının altına alıb, "boz bina”da bəsləyir. Həmin o bəlli qrupa daxil olmayanların isə günü heç də xoş keçmir. Çünki Azərbaycanda klubların, futbol məktəblərinin sayı azdır. Onların da mütləq əksəriyyəti AFFA-nın nəzarətindədir. AFFA-dan "dabro” gəlməsə, sənin də bu klubların hansındasa iş tapmağın qəliz məsələdir. 

Təxminən iki il bundan əvvəl digər gəncəli futbol veteranı Faiq Cabbarovun da ölüm xəbəri yayılmışdı. Sonradan məlum oldu ki, insanların laqeydliyindən bezən Cabbarov keçmiş polis rəisi Nazim Dadaşovun fermasında gözətçilik edirmiş, hamıdan qaçaq düşübmüş. "Kəpəz”in heyətində Azərbaycan çempionu olmuş, ölkə çempionatının bombardiri adını qazanan Rövşən Əhmədovun çətin günlər keçirməsi, işsizlikdən və pulsuzluqdan əziyyətn çəkməsi də yaxın keçmişimizin gündəm mövzularından biridir. Onun işsiz qalmasının məsuliyyətini nə ona doğma olan "Kəpəz” öz üzərinə götürürdü, nə də ki, AFFA. Sonradan ictimai qınağın gücləndiyini görənlər əvvəlcə Əhmədova məşqçi kateqoriyası verdilər, sonra da başını girələmək üçün seleksiyaçı vəzifəsi.

Bu cür misalların sayı hesabı-yoxdur. Bir vaxtlar Azərbaycan futbolunun fəxri olan, Rusiya çempionu adını qazanan, millimizin ilk kapitanı və ilk qolunun müəllifi Nazim Süleymanov AFFA-nın laqeyd münasibətinin qurbanıdır. Elə Novruz Əzimov da onun kimi. Adam 90-cı illərin əvvəllərində yaşıl meydanları, futbol topunu bir kənara qoyub, vətən torpaqlarının müdafiəsi üçün ön cəbhəyə yollanmışdı. Hər ikisi AFFA tərəfindən "persona non qrata” elan olunanlardandı. Süleymanova yenə ruslar sahib çıxıb, "Ximki”nin aşağı yaş komandasında çalışır. Novruz Əzimova isə Moldovanın ən zəif komandası tapşırılmışdı. Təəssüf ki, qısa müddətdə orda uğur qazanmaq mümkün olmadı və Novruz bəy yenə də işsiz qaldı. Nə vaxta qədər belə davam edəcək? Talesiz bir qəzaya qurban gedən rəhmətlik Səmədağa Şıxlarov ömrünün son günlərinə qədər laqeydlikdən şikayətlənmədimi?!

Çox təəssüf ki, bizim futbol ictimaiyyəti də, futbolumuzun başbilənləri də, elə mətbuatımız da veteranlarımıza biganədi. Sağlamlıqlarını futbolumuza qurban verənlər, gəncliklərini futbol meydanlarında xərcləyənlər nə sağlıqlarında bir gün görürlər, nə də dünyalarını dəyişəndə. Dekabrın ortalarında bizimkilər Serbiya millisinin və İtaliyanın "İnter” klubunun sabiq oyunçusu Sinişa Mixayloviçin ölümünə üzülürdülər. Yeni ilin ilk günlərində isə italyalı məşhur Canluka Viallinin ölüm xəbəri yayıldı. Həmyerlilərimiz bu qara xəbərə də yetərincə ciddi reaksiya göstərdilər, sosial şəbəkələrdə qeyri-rəsmi matəm elan olundu. 

Bəli, həm Mixayloviç, həm də Vialli futbol dünyasının görkəmli şəxsiyyətləridi. Bizim futbolçuları, futbol mütəxəssislərini onlarla müqayisə etmək mümkün də deyil. Amma bu problem təkcə ayrı-ayrı şəxslərlə yox, ümumi futbolumuzun vəziyyəti ilə bağlıdır. Sinişaya da, Canlukaya da rəğbət bəsləmək, onların ölümünə üzülmək olar. Amma ki, özümüzküləri də unutmamaq şərti ilə. Çünki onlar bizim həmvətənlərimizdir, azərbaycanlılardır. Onlara da həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra hörmət etmək heç də pis olmaz.

Amal Abuşov