XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Oğlunu həbsdən azad etdirmək istədi, 50 min manatlıq dələduzluğun qurbanı oldu
Ölkə11:36 11.09.2026

Oğlunu həbsdən azad etdirmək istədi, 50 min manatlıq dələduzluğun qurbanı oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü dövlət qurumlarında geniş əlaqələri olan şəxs kimi təqdim edərək həbsdə olan şəxsin azadlığa buraxılmasına kömək edəcəyini vəd etməklə pul almaqda ittiham olunan şəxsin işi üzrə hökm çıxarılıb.

Qaynarinfo xəbər verir ki, ittihama görə, müttəhim tanışı vasitəsilə zərərçəkmiş şəxslə əlaqə yaradıb. O, özünü dövlət orqanlarında geniş əlaqələri olan şəxs kimi təqdim edərək zərərçəkmişin Lənkəran Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan oğlunu həbsdən azad etdirəcəyinə söz verib.

İstintaq materiallarına əsasən, həmin vədin yerinə yetirilməsi üçün əvvəlcə 10 min manat alınıb. Daha sonra müxtəlif vaxtlarda zərərçəkmişin yaşadığı ünvanda əlbəəl pul götürülüb, həmçinin bank kartı hesabına vəsait köçürülməsi təmin edilib.

Sonuncu dəfə isə Bakı şəhərinin Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən “Bravo” marketin yaxınlığında 1700 manat pul zərərçəkmişin anası vasitəsilə alınıb.

Beləliklə, ittiham tərəfinin hesablamasına görə, zərərçəkmişdən hissə-hissə ümumilikdə 50 min 500 manat alınıb.

Məhkəmədə təqsirləndirilən şəxs ona verilmiş ittihamla özünü qismən təqsirli bilib.

O, zərərçəkmişin oğlunun azadlığa buraxılması adı ilə bank kartı vasitəsilə 36 min 500 manat, əlbəəl isə 1500 manat aldığını söyləyib.

Bundan başqa, zərərçəkmişin anasından Rusiyada-Ukraynada müharibədə iştirak edən oğlunun Azərbaycana gətirilməsi adı ilə 5700 manat aldığını bildirib. Zərərçəkmişin bacısından isə hərbi xəstəxanaya işə düzəltmək vədi ilə 500 manat götürdüyünü deyib.

Məhkəmədəki ifadəsinə əsasən, zərərçəkmiş ona 2500 manat dəyərində mobil telefon da alıb. Həmin telefonun faizlə birlikdə dəyərinin 3000 manat olduğunu deyən müttəhim zərərçəkmişdən çeklər üzrə 44 min 200 manat, əlavə götürdüyü pullarla birlikdə isə 47 min 500 manat aldığını bildirib.

Onun sözlərinə görə, aldığı pulları borclarını ödəməyə xərcləyib.

Müttəhim həmçinin zərərçəkmişin sonradan polisə müraciət etdiyini deyib. O bildirib ki, zərərçəkmiş ziyanın 50 min manatdan artıq olduğunu söyləsə də, bu məbləği təsdiqləməyib və polis bölməsində 47 min 500 manat ziyana dair sənədlərə imza atıb.

Zərərçəkmiş şəxs isə məhkəmədə bildirib ki, həmin şəxslə ailəvi dostlarının vasitəsilə tanış olub.

Onun sözlərinə görə, müttəhim özünü hərbi sahədə işləyən və geniş əlaqələri olan şəxs kimi təqdim edib. Daha sonra “Elmlər Akademiyası” ərazisində ona iki iş yeri göstərib və həmin yerlərdə müxtəlif şəxslərlə görüşərək oranın əməkdaşı olduğunu deyib.

Zərərçəkmiş bildirib ki, Ankarada olarkən həmin şəxs ona zəng edərək oğlunun işi ilə bağlı hər şeyi həll edəcəyini vəd edib və onu başqa bir şəxslə də danışdırıb.

İfadəyə əsasən, oğlunun işi ilə bağlı əvvəlcə 25 min manat verilib. Daha sonra müxtəlif bəhanələrlə tələb olunan məbləğ artırılıb və ümumilikdə bu məqsədlə 45 min manat ödənilib.

Bundan başqa, zərərçəkmişin Ukraynada müharibədə iştirak edən qardaşının Azərbaycana gətiriləcəyi vədi ilə daha 7 min manat alındığı bildirilib.

Zərərçəkmiş ümumilikdə 50 min 500 manatının ələ keçirildiyini, həmin pulların geri qaytarılacağının vəd edildiyini, lakin vəsaitin qaytarılmadığını söyləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müttəhim Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib. Ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Mətndə faktlar dəyişdirilməyib; əsasən qrammatik, sintaktik və üslubi düzəlişlər aparılıb.

Seyid