Dünya 15:00 03.12.2022

ABŞ ən son strateji bombardmançı “B-21 Raider”i təqdim etdi – Gizli texnologiya

Amerikanın Northrop Grumman şirkəti gizli texnologiyadan istifadə etməklə yaradılmış ən son strateji bombardmançı B-21 Raider-i təqdim edib. 

Qaynarinfo bu barədə istehsalçının saytındakı yayıma istinadən xəbər verir.

Qeyd olunur ki, təqdimat Kaliforniyadakı zavodda ABŞ-ın müdafiə naziri Lloyd Ostinin iştirakı ilə keçirilib. İstehsalçı bombardmançıdan dünyada yeganə altıncı nəsil təyyarə kimi bəhs edib.

"Bombardmançı donanma bu ölkənin hava gücünün təməl daşıdır və bu gecə sizə yeni nəsil imkanlar təqdim edirik. Bu təyyarə ilə biz sizə ən çətin tapşırıqların öhdəsindən gəlmək üçün ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanmış gizli texnologiyanın növbəti nəslini təqdim edirik. ABŞ Hərbi Hava Qüvvələri dəyişən mühitdə dünyanın istənilən yerində təhdidlərin qarşısını alacaq, aradan qaldıracaq və (yeni) texnologiyaların sürətli tətbiqi B-21-in bu təhdidlərin önündə durmağa hazır olmasını təmin edəcək”, - istehsalçı şirkətin baş direktoru Keti Uorden təqdimatda bildirib.
 
B-21 Raider Northrop Grumman-a görə, qabaqcıl gizli texnologiya sayəsində dünyanın istənilən yerinə çata, nüvə və qeyri-nüvə silahları daşıya və ən qabaqcıl hava hücumundan müdafiə sistemlərinin öhdəsindən gələ biləcək.

Həmçinin istehsalın müxtəlif mərhələlərində bu tip daha beş bombardmançı var.

Bildirilir ki, ABŞ ordusu bu təyyarələrdən ən azı yüz ədəd almağı planlaşdırır. Pentaqon 2023-2027-ci illər arasında B-21 proqramı üçün 19 milyard dollardan çox vəsait ayırıb.
 
Alpər