Dünya 16:00 21.01.2023

ABŞ hakimiyyəti Ukraynaya Baxmutu təslim etməyi və yeni hücuma hazırlaşmağı məsləhət görür

Birləşmiş Ştatlar böyük yaz hücumuna daha çox şəxsi heyət hazırlamaq üçün Kiyevə qoşunlarını Baxmutdan çıxarmağı təklif edir. 

Qaynarinfo xəbər verir ki, "Agence France-Presse" (AFP) bu barədə bir qrup jurnalistə danışan Ağ Ev administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən yazır.

Vaşinqton hesab edir ki, Ukrayna nəyin bahasına olursa olsun, Baxmutu qorumağa diqqət etməməli və onu saxlamalıdır. Nəşrin həmsöhbətinin fikrincə, diqqəti Baxmuta yönəltmək Kiyevə daha vacib işdə - geniş yaz hücumu hazırlamaqda mane olur. Rəsmi hesab edir ki, məhz bu, ölkənin cənubunda rus işğalına qarşı böyük uğur əldə etməyə imkan verəcək.

Baxmutda Rusiyanın indi üstünlüyü var - orada daha çox rus artilleriyası və hərbi resursları cəmlənib. Buna baxmayaraq, Co Bayden administrasiyası hesab edir ki, Rusiyanın Baxmutu ələ keçirməsi müharibədə ciddi dəyişikliklərə səbəb olmayacaq - Ukrayna qüvvələri şəhərdən yaxşı müdafiə olunan mövqelərə çəkilə biləcək.

Eyni zamanda, Ağ Evdən bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin şəhəri saxlamaq və eyni zamanda ordunu genişmiqyaslı hücuma hazırlamaq üçün kifayət qədər gücü yoxdur.

ABŞ-ın təklifi resursları strateji baxımdan əhəmiyyətsiz hədəfə sərf etmək deyil, bu qüvvələri yenidən təchiz etmək üçün geri çəkmək və ABŞ-ın rəhbərlik etdiyi təlim proqramlarına qoşulmaqdır, - deyə yüksək vəzifəli məmur izah edib. Onun sözlərinə görə, Ukraynaya hücuma hazırlaşmaq üçün yüzlərlə zirehli transportyor məhz bu həftə gəlib. 

Milli təhlükəsizlik şurasının sözçüsü Con Kirbi cümə günü brifinq zamanı "Onlar (Rusiya) Baxmut və Soledarda uğur qazansalar belə, bu, döyüş meydanındakı strateji dinamikanı dəyişməyəcək”, - deyib.

Baxmut Donetsk vilayətində Kiyevin nəzarətində olan kiçik bir şəhərdir. Son həftələrdə şəhər və ətrafı cəbhənin ən qaynar nöqtələrindən birinə çevrilib. Rusiyalıların Baxmuta hücumunda əsas rolu "Vaqner”in muzdluları oynayır. Özəl ordunun sahibi Yevgeni Priqojin və Rusiya Müdafiə Nazirliyi Baxmut yaxınlığındakı Soledar şəhərin tutulduğunu elan ediblər. Lakin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hələlik şəhərin itirilməsini təsdiqləməyib.

Eyni zamanda, Vaşinqton Kiyevə hücumu təxirə salmağı və Ukraynanın son paketdəki bütün silahları alana qədər gözləməyi təklif edir, Reuters Ağ Ev administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən yazır. O, həmçinin təsdiqləyib ki, Birləşmiş Ştatlar Ukraynaya müasir "Abrams” tankları tədarük etməmək barədə qəti qərar verib, çünki bu maşınlara qulluq etmək çox baha başa gəlir.

Cümə günü, yanvarın 20-də Pentaqon Ukraynaya yeni 2,5 milyard dollarlıq yardım paketi elan edib. Bu paketdən Kiyev "Nasams” hava hücumundan müdafiə sistemləri, 8 ədəd "Avenger” hava hücumundan müdafiə sistemi, HARM yüksək sürətli anti-radar raketləri və digər hərbi texnikalar üçün sursat alacaq.

Nizami Bağırov