Şahin Cəfərli

Blogger
Yazılar
47
ABŞ-da federal hakimiyyət tamamən “maviləşdi” (TƏHLİL)

ABŞ-da federal hakimiyyət tamamən “maviləşdi” (TƏHLİL)

Şahin Cəfərli

Demokratlar Ağ Ev və Nümayəndələr Palatasından sonra Senatı da nəzarətə götürdülər.

Trampın 11780 səs axtardığı Corciyadan bu gün respublikaçılara qara xəbər gəldi. Senat seçkilərinin ikinci turunda hər 2 yeri demokrat namizədlər – Rafael Uornok və Con Ossoff qazandılar. (Yerli qanuna görə, seçkilərdə heç bir namizəd 50%-dən artıq səs toplaya bilmədikdə 2-ci tur təyin olunur.) 51 yaşlı Rafael Uornok (Warnock) teoloqdur və Atlanta Ebenezer baptist kilsəsinin pastorudur. (Din xadimi deyil.) Mərhum Martin Lüter Kinq də bu icmanın mənsubu olub. Demokratların yüksələn ulduzlarından Con Ossoff isə cəmi 33 yaşındadır, jurnalist və prodüserdir. Atası Rusiya yəhudisidir. (Yeri gəlmişkən, 30 yaşında Senata seçilmiş Cozef Bayden ABŞ tarixinin ən gənc senatoru ünvanını özündə saxlayır.)

Bu seçkilərə qədər Senatda 50 respublikaçı, 46 demokrat və demokratlara yaxın 2 müstəqil senator var idi. "Mavi dalğa"nın Corciyada özünü gəstərməsi ilə hesab bərabərləşdi və vitse-prezident həm də Senat sədri olduğundan, demokratlar 6 il sonra yuxarı palatada çoxluq əldə etdilər. Artıq prezident Bayden qarşıdakı 2 il ərzində istədiyi qanun layihələrini və təyinatları rəqiblərin səsinə ehtiyac duymadan Konqresdən keçirə biləcək.

Son prezident seçkilərinə qədər Corciya qırmızı (republikaçı) ştat sayılırdı, lakin demokratlar 30 il sonra burada prezident seçkilərini uddular, bu gün isə hər iki senator kürsüsünü götürdülər. Senat seçkiləri bir daha göstərdi ki, Trampın prezident seçkilərində Corciyada (eləcə də digər yerlərdə) saxtakarlığa yol verildiyi barədə iddiaları uydurmadan ibarətdir, digər tərəfdən, onun 3 noyabrdan bəri çığırıb-bağırması, seçki fırıldaqları barədə fantaziyalar düzüb-qoşması respublikaçı seçicilərin bir qisminin seçki institutuna inamını sarsıdaraq onları demotivə etməklə partiyaya zərər vurdu. Bu, məsələnin cari tərəfi.

Məsələnin strateji və daha önəmli tərəfi isə bundan ibarətdir ki, ortaya çıxan nəticə ölkə miqyasında olduğu kimi, Corciyanın da dəyişməkdə olan demoqrafiyasının təzahürüdür və respublikaçılar üçün növbəti həyəcan siqnalı sayılmalıdır. Yerli seçicilərin 30%-ni demokratların sadiq və mütəşəkkil elektoral kütləsi olan afroamerikalılar təşkil edir və onların sayı getdikcə artmaqdadır. Dəyişən demoqrafiya Amerika siyasətinin sosiologiyasını da dəyişdirir. Artıq Corciyanı da bənövşəyi çalara bürünən, yəni tərəddüd edən, yelləncək ştat (swing state) saymaq olar. Bəzi digər qırmızı ştatlarda da (məsələn, Teksas) yaxın gələcəkdə respublikaçılar üçün belə bir təhlükə var.

WASP (ağ anqlo-sakson protestantlar) kateqoriyasına aid əhalinin dominantlığı getdikcə zəiflədiyi üçün Amerika siyasi tarixinə damğasını vurmuş Respublikaçı - başqa adı ilə Böyük Qədim Partiya (GOP) ekzistensial təhlükə ilə üz-üzədir. Hazırkı demoqrafik tendensiya onların Ağ Evi qazanmaq şanslarını ildən-ilə çətinləşdirir və göründüyü kimi, bu tendensiya Konqres seçkilərinə də sirayət etməkdədir. Millətçi-mühafizəkar ağ amerikalılar içərisində son illər narahatlığın artması və bir çox radikal, ekstremist qrupun meydana çıxması məhz onlar üçün bu qorxuducu gedişatdan qaynaqlanır. Trampın destruktiv davranışlarının bir səbəbini də burada axtarmaq lazımdır: onun şəxsi xarakterik xüsusiyyətləri ilə yanaşı, həmin radikal qrupların səsi olması, onlar kimi düşünməsi də önəmli səbəbdir.

Yəqin ki, önümüzdəki dövrdə respublikaçıların başbilənləri oturub, partiyanın taleyi baxımından bu təhlükəli gedişatı dayandırmağın yollarını tapmağa çalışacaqlar. Trampın 4 illik dönəmi göstərdi ki, ən radikal, ən millətçi respublikaçının prezidentliyi və onun vasitəsilə yuxarıdan həyata keçirilən tədbirlər, atılan addımlar da çıxış yolu deyil. Daha strateji və uzunmüddətli çözümlərə ehtiyac var.

OXŞAR XƏBƏRLƏR

X