Xəbər lenti

AFFA ilə klubların yorğan davası
Amal Abuşov
İdman 10:16 14.04.2023

AFFA ilə klubların yorğan davası

Yorğan davası məsələnin harda gəldiyini bilirsiz, təkrar danışıb vaxtınızı almayım. Ona görə də birbaşa mətləbə keçim. Avstriya və İsveçə biabırçı məğlubiyyətdən sonra AFFA gündəmi dəyişmək üçün çox da baş sındırası olmadı. Macarıstanla Slovakiyaya evimizin içində alçaldıcı məğlubiyyətə uğrayanda da belə olmuşdu. İndi də oxşar ssenarini izləyirik. 

Qısa taym-aut götürən "boz bina”nın başbilənləri klublarla süni münaqişə yaradıb, gündəmi dəyişməyi bacardı. Artıq Azərbaycan futbolunun acınacaqlı vəziyyəti, milli komandalarımızın məğlubiyyətlərin yox, dövlətin klublara ayıracağı 3 milyon manatın hara xərclənəcəyi müzakirə peredmetidir. İllərdi başlarına açılan oyunlara susan, AFFA-nın caynaqlarının altında əzilən, sərsəm qərarlardan əziyyət çəkən klublar indi bir araya gəlib, hətta bəyanat da yayıblar. Əhsən sizə. Ümid edirəm ki, bu birlik və bərabərlik davam edəcək, klublarımız bundan sonra da ortaya qətiyyət, birgə mövqe qoymağı bacaracaqlar.

İndiki etirazların, klubların narazılıqlarının kökündə nə dayanır? Rəsmən proqramı qəbul edilməsə də, bu mövsümdən klublarımız yenidən dövlətdən dəstək almağa başlayıblar. Rəqəm heç də kiçik deyik, elita təmsilçilərinin hər birinə AFFA vasitəsiylə üç milyon manat pul ayrılır. AFFA həmin pulun hara xərclənməsinə nəzarət edir, hər ay təqdim edilən hesabatlardan sonra o pullar klubların hesabına hissə-hissə köçürülür. Sponsoru olan "Qarabağ”, "Sabah” və "Neftçi” kimi klublar bu pula göz dikməsələr də, "Kəpəz”in, "Şamaxı”nın əsasən bu pul sayəsində keçindiyi heç kimə sirr deyil. İnsafən, məbləğ də az sayılmaz. Meydanda ora-bura vurnuxan, ayağı top tutmayan legionerlərə baxanda, "Səbail”in, "Turan Tovuz”un məqsədi-məramı bəlli olmayan oyununu izləyəndə adamın o pula da heyfi gəlir. Amma neyməmək olar? Elitada komanda sayını saxlamaq, Azərbaycanda futbolun, rəqabətli çempionatın olduğunu iddia etmək üçün "fədakarlıq” etmək, xərcə düşmək də qaçılmazdır.

İndi AFFA deyir ki, sizə ayrılan üç milyon manatla əcnəbi futbolçu transfer etməyin, legionerlərin maaşını həmin pulla ödəməyin. Klublar da buna etiraz edir. "Kəpəz”in, "Səbail”in, "Turan Tovuz”un hərəsinin heyətində 8-9 legioner var. Bu yaxınlarda mövzu ilə bağlı yazımı oxucularımıza təqdim etmiş, səviyyəsi yerli futbolçulardan heç də fərqlənməyən əcnəbilərə qucaq açmağın, onlara ciddi məbləğdə maaş verməyin cinayətə bərabər olduğunu vurğulamışdım. Misli Premyer Liqasının turnir cədvəlinə baxmaq kifayətdir ki, vəziyyəti gözünüzün önündə canlandırasız. 6 oyundu qələbəyə həsrət qalan "Turan Tovuz”un, sonuncu pillədən qurtulmağa çalışan "Səbail”in heyətindəki legionerləri sayın, sonra özünüzə sual verin ki, bu əcnəbi futbolçular kimə lazımdır?

AFFA məlum qadağanı həyata keçirə bilsə, bu cür legionerlərin ayağı Azərbaycandan kəsiləcək. Amma o da var ki, elitanın səviyyəsinə uyğun yerli futbolçuların sayı da yetərli deyil. Bunu klublar özləri də etiraf edirlər. Çünki illərdir ki, futbolçu yetişdirmək nə AFFA-nın yadına düşür, nə də klubların. İndi ortada acınacaqlı vəziyyət yaranıb. Eynən "toyuq birinci yaranıb, yoxsa yumurta” məsəlində olduğu kimi. Tərəflər günahı bir-birinin üzərinə atır, əsl həqiqəti deyən yoxdur. Azərbaycan futbolunun dərdləri, uşaq futbolunun problemləri bir kənarda qalıb. Dava yorğanın davasıdır, yəni pulun. Biz də baxırıq, təəssüflənirik...

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->