Xəbər lenti

İdman 17:53 16.05.2022

AFFA İlqar Qurbanovu niyə kursa göndərməyib: “Çünki bu kurs…”

AFFA-da milli komandaların skautu kimi fəaliyyət göstərən İlqar Qurbanov UEFA-nın təşkil etiyi kurslarda iştirak üçün səfərə yollanmalı idi. "UEFA Elite Scout Programme” (UEFA, ESP) - skautinq kursunda iştirak etmək üçün İsveçrəyə getməyə hazırlaşan veteran futbolçu hələ də Azərbaycandadır. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, gedişində problem yarandığı üçün o, iki aya yaxındır səfərə yollana bilmir. Problemin səbəbini öyrənmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışdıq. Qurumun sözçüsü problemi belə izah etdi:

"Bu dəfə təklif olunan kurs kommersiya xarakterli idi. Onun mütləq ödənişi olmalıdır. Həmin kursların UEFA tərəfindən təşkil olunan ödənişsiz versiyaları da var. Kommersiya xarakterli olduğu üçün, ora pul ödəyib kimisə göndərmək yerli federasiyanın öhdəliyində deyil. Növbəti dəfə böyük ehtimalla İlqar kursla təmin ediləcək. Onsuz da Azərbaycanda bu vəzifədə çalışan yeganə skaut İlqardır. Kommersiya xarakterli olduğu üçün İlqar həmin kursla təmin edilməyib. Kursa ödənilən məbləğin nə qədər olduğunu bilmirəm. Təbii ki, Avropada təhsil bahalıdır. Amma söhbət ondan gedir ki, belə kurslar təkcə skautlar üçün deyil. Məsələn, Cahangir Həsənzadə texniki direktor kimi idarəçilər üçün olan kursda təhsil alıb. Cahangirə təklif gəlmişdi ki, kommersiya xarakterli təklif var. Həmin təklifi qəbul etmədi, bir müddət sonra UEFA-nın ödənişsiz kursları oldu və orada iştirak etdi. Böyük ehtimalla İlqar da növbəti ödənişsiz kurslara göndəriləcək. Vaxtaşırı belə şeylər olur. Onsuz da kurslar eynidir. Niyə artıq pul ödəsin ki? Söhbə ondan gedir ki, ildə bir neçə dəfə belə kurslar olur və federasiyalara təklif göndərilir. Elə insan var, tələsir. Elə adam var, federasiyanın işçisi deyil və fərd olaraq müraciət edəndə məcburdu ki, həmin kurslara pul ödəsin. İlqar federasiyanın işçisidir, ona zəmanət məktubu versək, həmin kurslarda ödənişsiz şəkildə iştirak edə bilər”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->