Xəbər lenti

Ağdamlıların sabiq məşqçisi: “Qarabağ”ın böyük hesabla uduzması...”
İdman 16:47 27.10.2023

Ağdamlıların sabiq məşqçisi: “Qarabağ”ın böyük hesabla uduzması...”

"Qarbağ” Avroliqanın qrup mərhələsi çərçivəsində ötən gün qarşılaşdığı "Bayer”ə 1:5 hesabı ilə məğlub oldu. Bəziləri üçün bu hesab gözlənilməz olsa da, bəziləri təmsilçimizin nəticəsini normal qiymətləndirir. Bəs Bundesliqanın lideri ilə qarşılaşma hansı səviyyədə olduğumuzu göstərdi?

Bu sualı komandanın sabiq məşqçisi Elxan Abdullayev cavablandırıb. O, Qaynarinfo-ya açıqlamasında deyib:

"Adam realist olmalıdır. "Bayer” Bundesliqa təmsilçisidir, birinci yerdə gedən komandadır. "Qarabağ” gedib orada nəsə edə bilər” fikri ilə özümüzü niyə aldadaq? Nəsə edə bilsə belə, bu sensasiya olardı. Proqnoz veririksə, əlbəttə üstünlük "Bayer”də olmalıdır. Bütün komponentlərdə "Qarabağ”dan qat-qat güclüdürlər. Düzdür, daha az sayda qol vurula bilərdi. "Bayer”in ustalıq səviyyəsi göstərdi ki, bu onlar üçün normaldır. Qurban Qurbanov da müsahibəsində bizə qarşı çox güclü rəqibin oynadığını deyib. Avroliqanın qrupunda belə bir rəqiblə oynamaq özlüyündə bir imtahandır. "Uduzmuşuq” deyib, başımızı aşağı salmamalıyıq. İrəli getməliyik, Qurban müəllim də demişdi ki, çox işləmək lazımdır. Bu səviyyədə klublarla bərabər oynamaq istəyiriksə, özümüzü düzəltməliyik. Bu, faciə deyil. Çünki güclü komandadır. Belə şeylərə normal yanaşıram. Güclüdürlər, nə istəyirsən elə, onlara qarşı oynamaq mümkün deyil”.

Abdullayev beş qol buraxan qapıçı Andrey Lunyovun da çıxışına münasibətini bildirdi:

"Qapıçının kobud səhvi olmadı. Bilirsiniz, Avropa ilə bizim futbol səviyyəmiz arasında böyük fərq var. Qapıçını da başa düşmək lazımdır. Bizim çempionatda tez-tez uzaq məsafədən vurulan qollar görmüsünüz? Ayda-ildə bir dəfə belə qol görərik. Düzdür, gözləmək lazımdır. Ustalıq səviyyəsi belədir ki, 20-30 metrdən də qol vura bilərlər. Cərimə zərbəsindən də fərqlənə və daha böyük hesabla qalib gələ bilərdilər”.

Maraqlıdır, "Bayer”lə oyun Azərbaycan futbolunun hansı səviyyədə olduğunu göstərdi?

"Qarabağ” neçə illərdir bizi sevindirir. Amma Avropada top-klubla müqayisə edə bilmərik. "Qarabağ” Avropanın ortabab klubları səviyyəsindədir. Bunun özü də bizim üçün böyük şeydir. Statstika da göstərir ki, top "beşlik” - Fransa, İtaliya, İspaniya, Almaniya İngiltərəni nəzərdə tuturam - ölkələrinin klublarını heç vaxt udmamışıq. Yalnız bir dəfə "Atletiko” (Madrid) ilə heç-heçə etmişik. "Çelsi”, "Tottenhem”, "Ayntraxt”, "Roma”, hamısına uduzmuşuq. Belə klublarla baş-başa oynamağa, onlardan xal almağa hazır deyilik. Onların futbolçuları, büdcələri, yanaşmaları tam fərqlidir”.

Ötənilki "Qarabağ”la indikini müqayisə edən Abdullayev komandadan gedənlərin yerinin hələ dolmadığını deyir:

"Qarabağ" fərqli mövqelərdə güclənib və ya zəifləyib. Məsələn, bu gün "Qarabağ”da Kadini əvəzləyən futbolçu görmürəm. Onun səviyyəsi tam başqadır. Vadji ilə Ovusu da getdi. Juniniyonu alıblar, güclü olub-olmadığını deyə bilmərəm. Redon Çiça da qol vurur, amma onların yeri dolmayıb. Üstəlik Ramil Şeydayevin, Musa Qurbanlının, Mahir Emrelinin getməsi… O vaxt hücum xəttində böyük rəqabət var idi, indi belə deyil. Kim varsa, onlardan da istifadə edirlər”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->