Siyasət 12:44 10.02.2024

"Ali Baş Komandan öz üzərinə düşən yüksək dövlətçilik məsuliyyətini şərəflə yerinə yetirdi" (ŞƏRH)

(Yazı "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusu üzrə hazırlanıb)

"İlham Əliyev Azərbaycanın Ali Baş Komandanıdır. Onun ordu quruculuğu sahəsindəki rəhbərliyi Azərbaycan ordusunun güclənməsinə, torpaqlarımızın işğaldan azad edilməsinə, bu gün də sərhədlərimizin ərazi bütövlüyümüzün qətiyyətlə müdafiə edilməsinə gətirib çıxardı". 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Prezidentin ordu quruculuğuna göstərdiyi diqqət öz müsbət nəticələrini verir:

"Bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusundan biri sayılır. Hər hansı bir dövlət Azərbaycan ərazisinin bütövlüyünü şübhə altına ala bilməz. 44 günlük müharibədən başqa eyni zamanda sonrakı qaçılmaz olan hərbi əməliyyatlar Azərbaycan ordusunun gücünü, Azərbaycan əsgərinin qətiyyətini, eyni zamanda Ali Baş Komandanın öz üzərinə düşən yüksək dövlətçilik məsuliyyətini şərəflə yerinə yetirməsini sübut etdi".
 


Aydın Mirzəzadə əlavə edib ki, torpaqlar işğaldan azad etdikdən sonra hər bir kəs həmin ərazilərin bərbad günə salınmasının, yaşayış yerlərinin, sosial obyeklərin, kommunikasiya xəttlərinin darmadağın edildiyinin şahidi oldu:

"Bu, Azərbaycanın maddi imkanlarına Ermənistan tərəfindən vurulmuş böyük zərbədir. Onların vurduğu zərərin qiymətləndirilməsi həm yerli, həm də xarici ekspertlərin iştirakı ilə qiymətləndirmə prosesləri həyata keçirilir. Dəymiş zərərin ödənilməsi üçün Azərbaycan Ermənistandan təzminat tələb edəcəyini dəfələrlə bildirib. Bununla bağlı artıq bir neçə beynəlxalq məhkəməyə müraciət də edilib. Bundan sonra da müraciətlər davam edəcək və bizlər həmin məhkəmə proseslərinin şahidi olacağıq. Ermənistan etdiyi hərəkətlərin mənfi nəticələrini özündə hiss etməlidir. Əgər hesab edirsə ki, Azərbaycan bunu unudub, yaxud da bunu ona bağışlayacaq bu mümkün olan məsələ deyil. Bu, eyni zamanda Ermənistanı müdafiə edən xaricdəki müəyyən dairələrə də çox ciddi mesajdır".

Aydın Mirzəzadənin sözlərinə görə, 7 fevral 2024-cü il prezident seçkiləri Azərbaycanda tək dövlət başçısının seçilməsi deyil, eyni zamanda Azərbaycanın gedəcəyi yolun müəyyənləşdirilməsi idi: 

"Azərbaycan xalqı yekdilliklə İlham Əliyevin təklif etdiyi siyasi kursu müdafiə etdi. Prezidentimiz Azərbaycan xalqına dövlət başçısı kimi artıq fəaliyyəti ilə yaxından tanışdır. Onun fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə, beynəlxalq birlikdə dövlətimizin nüfuzunun artmasına, Azərbaycana sosial prpoblemlərin həllində naliyyətlər əldə etməsinə səbəb olub. İlham Əliyev hər bir kəsin Azərbaycan dövlətində layiqli yer tutması üçün maksimum fəaliyyət göstərir. Azərbaycan seçicisi özünün gələcəyinə, dövlətimizin möhkəmlənməsinə, Azərbaycanın tarixinin daha da möhtəşəm olmasına səs verdi. Seçki Azərbaycanda demokratik və şəffaf şəraitində keçdi. Hər bir kəs öz səsini istədiyi namizədə verə bildi. Seçkilərin texniki cəhətdən yaxşı təşkil edilməsi onun problemsiz keçməsinə şərait yaratdı. İlkin nəticələr elan edildikdən sonra insanların küçələrə çıxıb sevinclərini göstərməsi bir daha sübut etdi ki, onlar öz seçimlərində haqlı olduqlarını və bu seçimin ölkənin, xalqın, hər bir kəsin maraqlarına cavab verdiyinin fərqindədirlər".

Bahar Rüsəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.