Xəbər lenti

Almaniyada hava ilə bağlı xəbərdarlıq edildi
Dünya 17:51 03.08.2026

Almaniyada hava ilə bağlı xəbərdarlıq edildi

Almaniyada havaların kəskin istiləşməsi səbəbindən əhaliyə xəbərdarlıq edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya Meteorologiya Xidməti (DWD) məlumat yayıb.

Məlumata görə, xüsusilə ölkənin mərkəzi və cənub bölgələrində havanın temperaturu təhlükəli həddə çata bilər. DWD bildirib ki, hiss olunan temperaturun 32 dərəcəni keçəcəyi və gecə saatlarında binaların kifayət qədər soyumayacağı gözlənildiyi hallarda isti hava xəbərdarlığı verilir.

Qurum vətəndaşlara birbaşa günəş şüaları altında qalmamağı, açıq havada fiziki fəaliyyətləri səhər erkən saatlara planlaşdırmağı, bol maye qəbul etməyi, yüngül geyimlərdən istifadə etməyi və spirtli içkilərdən uzaq durmağı tövsiyə edib.

Bundan başqa, yaşayış yerlərinin günəşdən qorunması, havanın sərinləşdiyi vaxtlarda isə otaqların havalandırılması məsləhət görülüb.

İsti hava və quraqlıq ölkənin çaylarında da ciddi problemlər yaradıb. Məlumata görə, Reyn çayı da daxil olmaqla Almaniyanın bir sıra çaylarında suyun səviyyəsi rekord həddə enib. Reyn çayının Köln şəhəri ərazisində suyun səviyyəsi cəmi 67 santimetrə düşüb.

Su səviyyəsinin kəskin azalması gəmi daşımalarına da mənfi təsir göstərib. Problemin müzakirəsi üçün Almaniyanın nəqliyyat naziri Şteffen Bilger bu həftə Bonn şəhərində mütəxəssislərin iştirakı ilə konfrans keçirəcək.

Şimali Reyn-Vestfaliya əyalətinin nəqliyyat naziri Oliver Krişer isə yaranmış vəziyyətlə bağlı federal hökumətin, əyalətlərin, bələdiyyələrin və logistika sektorunun nümayəndələrinin daxil olacağı milli işçi qrupunun yaradılmasına çağırış edib.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->