"Berbokun bu açıqlamaları sülh prosesinə mənfi təsir göstərir və qətiyyən qəbul edilməzdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Almaniya XİN rəhbəri Annalena Berbokun Bakıya səfəri zamanı azərbaycanlı qaçqın və məcburi köçkünlərlə guya görüşdüyü barədə yalan məlumat verməsi və onun Qarabağdakı yer adlarını erməni adları kimi səsləndirməsinə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, Almaniyanın xarici işlər naziri Berbok Ermənistanda səfərdə olub, sonra isə Azərbaycana gəlib və o, Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramovla görüşdü, vətəndaş cəmiyyətinin təmsilçilərilə təmasda olub:
”Berlin bir tərəfdən Brüssel formatı çərçivəsində proseslərə qatılmaq niyyətini ortaya qoyub. Halbuki Almaniya və Fransanın Brüssel formatında təmsilçiliyi bu formatın bütün mahiyyətini dəyişdi. Əvvəllər Brüssel formatı Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasına nüəyyən töhfə verəcək qurum idi. İndi isə onun mahiyyəti tamamilə dəyişib. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də həm İspaniyada, həm də Brüsseldə keçirilən görüşdən imtina etdi. Bu da təsadüfi deyil. Fikir verirsinizsə, Almaniyanın xarici işlər naziri Qarabağdan könüllü, sərbəst şəkildə köçənlərə qaçqın deyir”.
Deputat vurğulayıb ki, onları heç kim oradan qovmayıb, heç bir təzyiq altında getməyib:
”Onlar qaçqın deyil, könüllü gedib, seçim yerlərini dəyişiblər. Qaçqın məcburi şəkildə bir ölkənin ərazisini tərk edən insanlara deyilir. İkinci tərəfdən, xanım Berbok Azərbaycanın ərazi vahidləri, Qarabağakı ərazilərimizin adını çəkərkən ehtiyatlı olmalıdır. Təhrif edilmiş fikirlər səsləndirməməli, erməni adları çəkməməlidir. Onun belə açıqlamaları sülh prosesinə mənfi təsir göstərir və qətiyyən qəbul edilməzdir”.
Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı XİN-də mətbuat konfransında yalan açıqlama ilə çıxış edib. Xanım nazir Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə Real Televiziyasının müxbirinin sualına yanlış və yalan cavab verib. Almaniyalı nazir əvvəlcə suala cavab verərkən özünün Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir edib, daha sonra Azərbaycanın xarici işlər nazirinin sualın mahiyyətini xatırlatmasından sonra, bildirib ki, o bu gün Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirib. Halbuki, bu zaman o əslində Bakıda vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edib.
Berbok həmçinin Bakıda Xankəndi və Şuşa haqqında danışarkən bu şəhərlərin adlanrını erməni separatçılarının adlandırdığı kimi səsləndirib.
Rüfət Sultan
Şərhlər