Ortoped-cərrah Coselyn Vittsteyn bildirib ki, o, dişlərini həmişə müəyyən bir pozada fırçalayır və bu vərdişin sağlam qocalmağa kömək etdiyini düşünür.
Qaynarinfo Today.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxşı tarazlıq uzun və müstəqil həyat üçün mühüm amildir. Tarazlığı məşq etdirməyin yollarından biri dişləri fırçalayarkən bədənin vəziyyətini dəyişdirməkdir.
Onun tövsiyəsi sadədir: dişlərinizi bir ayaq üstə dayanaraq fırçalayın.
Vittsteynin sözlərinə görə, belə balans saxlamaq ayaq və topuq nahiyəsindəki kiçik əzələləri gücləndirməyə və bununla da yıxılmaların qarşısını almağa kömək edə bilər.
Bir ayaq üstə dayanmaq həmçinin sinir-əzələ nəzarətini yoxlamağa və yaxşılaşdırmağa, propriosepsiyanı – bədənin məkandakı vəziyyətini dərk etmək qabiliyyətini – inkişaf etdirməyə, eləcə də beyin sağlamlığını dəstəkləməyə imkan verir.
Bunun nə üçün əhəmiyyəti var?
Vittsteyn bildirir ki, yaxşı tarazlıq sümük sağlamlığının və sağlam qocalmanın əsas göstəricilərindən biridir.
Araşdırmalar da insanın 10 saniyə ərzində bir ayaq üstə tarazlığını qoruya bilməsi ilə ölüm riski arasında əlaqə olduğunu göstərir. 2022-ci ildə aparılan araşdırmaya əsasən, 51–75 yaş aralığında bir ayaq üstə 10 saniyə dayana bilməyən insanların növbəti onillik ərzində ölüm riski bunu bacaranlarla müqayisədə 84 faiz daha yüksək olub.
Necə başlamaq olar?
Vittsteyn əvvəlcə bir ayaq üstə dayanmağın sizin üçün nə dərəcədə asan olduğunu yoxlamağı və bunu hər iki ayaqla sınamağı tövsiyə edir.
Daha sonra dişləri fırçalayarkən bu məşqi etməyə çalışmaq olar. Əgər dişlərinizi 30 saniyə fırçalayırınızsa, təxminən 15 saniyədən bir ayaqları dəyişmək məsləhətdir.
Məşqin çətinliyini artırmaq üçün gözləri yummaq, yumşaq xalça kimi daha az sərt səthdə dayanmaq və hətta bir ayaq üzərində çömbəlmə hərəkəti etmək olar. Sonuncu variant güc məşqidir və sağlamlıq baxımından daha çox fayda verə bilər.
Aydın
Şərhlər