XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

El-Nino Avropada havaya təsir edəcək: Qış necə keçəcək?
Dünya18:45 06.09.2026

El-Nino Avropada havaya təsir edəcək: Qış necə keçəcək?

Sakit okeanında inkişaf edən El-Nino iqlim hadisəsi Avropada 2026-2027-ci illərin qışına ciddi təsir göstərə bilər. İlk uzunmüddətli qiymətləndirmələr qitənin əksər bölgələrində qar çatışmazlığının olacağını göstərir. Qar yağması üçün daha əlverişli şərait isə yüksək dağlıq ərazilərdə, eləcə də Avropanın şimal və şimal-şərqində gözlənilir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Stiripesurse” nəşri yazır.

Nəşr El-Nino ilə bağlı son dəyişiklikləri təhlil edən iqlimşünasların nəticələrinə, həmçinin qlobal uzunmüddətli proqnoz sistemləri və tarixi məlumatlara istinad edir. Qiymətləndirməyə əsasən, Avropanın əhəmiyyətli hissəsində qarın miqdarı adi göstəricilərdən aşağı ola bilər.

“Avropanın əksər hissəsində normadan aşağı qar yağması gözlənilir. İstisna isə Alp dağları kimi yüksək yüksəklikdə yerləşən bölgələr, həmçinin şimal və şimal-şərqdəki daha soyuq ərazilər olacaq”, deyə nəşrdə bildirilir.

Təhlilin müəllifləri qeyd edirlər ki, xizək kurortları üçün dəniz səviyyəsindən yüksəklik və coğrafi enlik həlledici amillərə çevrilə bilər. Mülayim Atlantik hava axınlarının üstünlük təşkil etməsi düzənliklərdə və orta yüksəkliklərdə ciddi qar çatışmazlığına səbəb ola bilər. Şimal bölgələri isə bu tendensiyadan kənarda qala bilər.

Proqnozda xüsusilə Alp dağlarının yüksək əraziləri üçün əlverişli şərait gözlənilir. 1800-2000 metrdən yüksəkliklərdə əhəmiyyətli qar örtüyünün formalaşması üçün şərait optimal olaraq qala bilər.

Aylar üzrə vəziyyət isə eyni olmayacaq. Dekabr ayında Avropanın əksər düzənlik ərazilərində qarın az olması gözlənilir. Qitənin ucqar şimal hissəsi istisna ola bilər. Nəşrin izahına görə, belə ssenarinin səbəbi qərb və cənub-qərb hava axınlarının üstünlük təşkil etməsidir. Bu axınlar yağıntı gətirsə də, eyni zamanda daha yüksək temperaturla müşayiət olunur.

Yanvar ayında proqnoz ciddi dəyişiklik gözləmir. İqlimşünaslar cənubda yüksək təzyiq sahəsinin və qərb hava sirkulyasiyasının qorunacağını gözləyirlər. Bunun fonunda ayrı-ayrı bölgələrdə temperatur normadan yüksək ola bilər.

Ekspertlərin qiymətləndirməsinə görə, qarın ən böyük çatışmazlığı fevral ayına təsadüf edə bilər. Bu ay adətən Avropada ən çox qar yağan dövrlərdən biri olsa da, yüksək təzyiq sahəsinin uzun müddət qalması əks nəticəyə səbəb ola bilər.

Xüsusilə qitənin mərkəzi, qərb, şimal-qərb və cənub hissələri üçün az qar proqnozlaşdırılır. Şimal və şimal-şərq isə əksinə, daha çox qar yağan bölgələr olaraq qala bilər.

Bununla yanaşı, ekspertlər proqnozun həddindən artıq hərfi şərh edilməməsi barədə xəbərdarlıq edirlər. “Normadan aşağı qar yağması” ifadəsi ümumiyyətlə qar olmayacağı anlamına gəlmir.

“Nəticə yalnız qar örtüyünün uzunmüddətli orta göstəricidən daha az ola biləcəyini göstərir”, deyə nəşrdə qeyd olunur.

Aydın